“Dünya daha təhlükəsiz olacaq” – Tramp
ABŞ Prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə keçirilən mərasimdən istifadə edərək İranla müharibəyə haqq qazandırıb.
Sfera.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Tramp Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında çıxışı zamanı amerikalı hərbçilərin cəsarətini və peşəkarlığını yüksək qiymətləndirib.
“Bu münaqişə başa çatdıqda, bu isə tezliklə baş verəcək, bütün dünya daha təhlükəsiz, daha yaxşı və daha dinc məkana çevriləcək. Artıq dözmək məcburiyyətində qaldığımız təhlükə mövcud olmayacaq”, – deyə ABŞ prezidenti bildirib.
O, müharibəni ABŞ-ın deyil, İranın başladığını iddia edib. Trampın sözlərinə görə, Tehran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır. ABŞ lideri hərbi əməliyyatların əsas məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu vurğulayıb.
Hərbçilər, veteranlar və administrasiyanın yüksək vəzifəli şəxslərinin iştirak etdiyi mərasimdə Tramp müdafiə naziri Pit Heqsetin fəaliyyətini də tərifləyib. O, nazirin işini “fantastik” adlandırıb.
Qeyd edək ki, çərşənbə axşamı Nümayəndələr Palatasında respublikaçılar Heqsetin impiçmentə cəlb edilməsi təşəbbüsünün qarşısını alıblar. Pentaqon rəhbəri Konqresin icazəsi olmadan müharibə aparmaqda və səlahiyyətlərini aşmaqda ittiham olunub. Təşəbbüs vəzifəsini tərk etməyə hazırlaşan respublikaçı konqresmen tərəfindən irəli sürülüb.
Fatimə
Sfera.az






