Səudiyyə Ərəbistanının paytaxtı hədəfə alındı
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu həyata keçirdiklərini iddia ediblər.
Sfera.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, husilər hava limanına üç qanadlı raketlə zərbə endiriblər. Bundan əlavə, Yanbu şəhəri yaxınlığındakı neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.
Səriya Səudiyyə Ərəbistanı hakimiyyətinin Məkkə üzərində pilotsuz uçuş aparatının qarşısının alınması ilə bağlı açıqlamasını da təkzib edib. O, husilərin hərbi əməliyyatlarının yalnız hərbi bazalara və neft obyektlərinə qarşı yönəldiyini iddia edib.
Qeyd edək ki, daha əvvəl Misirin Səudiyyə Ərəbistanını husilərin hücumlarından qorumaq üçün hərbi qüvvələrini işə cəlb edə biləcəyi barədə məlumat yayılmışdı. Misir Prezidenti Əbdülfəttah əs-Sisi Ər-Riyadın müraciət edəcəyi təqdirdə ordudan istifadə üçün parlamentdən icazə istəyib.
Fatimə
Sfera.az






