Dünyanın ən çirkli havası bu şəhərdə qeydə alındı
Hindistanın paytaxtı Yeni Dehli dünyanın havası ən çox çirklənmiş böyük şəhəri kimi qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə havanın keyfiyyətini izləyən beynəlxalq IQAir platformasının reytinqində məlumat yer alıb.
Yeni Dehlidə havanın çirklənməsi əhalinin sağlamlığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Xüsusilə payız və qış aylarında şəhərdə havanın keyfiyyətinin pisləşməsi ciddi ekoloji problemlərdən biri hesab olunur.
Reuters-in məlumatına görə, noyabrın 7-də yerli vaxtla saat 10:35-də Dehlidə havanın keyfiyyət indeksi (AQI) 581-ə çatıb. Bu göstərici Pakistanın Lahor şəhərində qeydə alınan 285 ballıq göstəricidən iki dəfədən çox yüksək olub.
Hindistanın Mərkəzi Çirklənməyə Nəzarət Şurası isə fərqli hesablama metodologiyası əsasında Dehlidə havanın keyfiyyət indeksini 363 olaraq qiymətləndirib və vəziyyəti “çox pis” kateqoriyasına aid edib.
Havanın çirklənməsi səbəbindən Dehli və ətraf ərazilərdə məktəblərə onlayn dərslər təşkil etmək tapşırılıb, sakinlərə isə evdən işləmək tövsiyə olunub.
Məlumata görə, noyabrın 8-də keçiriləcək Divali bayramı zamanı fişənglərdən geniş istifadə havanın keyfiyyətini daha da pisləşdirə bilər.
Qeyd edək ki, Hindistanın şimalında qış mövsümünün başlanması ilə havanın çirklənməsi hər il artır. Buna avtomobillərin tullantıları, tikinti tozu və kənd təsərrüfatı qalıqlarının yandırılması nəticəsində yaranan tüstü səbəb olur.
Şahanə Ziyad






