Avropa İttifaqından ÇAĞIRIŞ: 72 saat ərzində...
Avropa Komissiyası artan böhran və fəlakət risklərinə qarşı vətəndaşların hazırlıq səviyyəsini gücləndirmək məqsədilə yeni təlimatlar dərc edib.
Yeni qaydalara əsasən, vətəndaşların fövqəladə halların ilk 72 saatı ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələri nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Avropa üzrə artan böhran və fəlakət risklərinə qarşı hazırlıq imkanlarını gücləndirmək üçün yeni addımlar atır. Avropa Komissiyası fövqəladə hallar zamanı vətəndaşların özlərini və ətraflarındakı insanları qoruya bilmələrini təmin etmək, eləcə də milli mülki müdafiə sistemlərinin böhran dövründə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə yeni tədbirləri həyata keçirir.
Avropa Mülki Müdafiə Forumunda çıxış edən Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa Komissiyasının üzvü Hadja Lahbib cəmiyyətin fövqəladə hallara hazırlanmasına dair yeni təlimatları təqdim edib. Avropa Komissiyasının dərc etdiyi yeni təlimatlarda böhranların ilkin mərhələsində vətəndaşların öz ehtiyaclarını qarşılaya bilməsi əsas diqqət mərkəzindədir. Dövlət qurumlarının yardım və müdaxilə imkanlarını səfərbər etdiyi ilk üç gün ərzində insanların əsas ehtiyaclarını təmin edə biləcək hazırlıq səviyyəsinə malik olması hədəflənib.
Təlimatlar dörd əsas istiqaməti əhatə edir: İlk 72 saatlıq hazırlıq:
Vətəndaşların fövqəladə hallarda ehtiyac duyacaqları əsas ləvazimatları əvvəlcədən əldə etmələri və təcili yardım çantası hazırlamaları təşviq ediləcək. Maarifləndirmə və təhsil: Fəlakət və böhranlara hazırlıq mövzularının məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, müəllimlər üçün təlimlərin keçirilməsi planlaşdırılır. Uşaqlarda yaşlarına uyğun fəaliyyətlər vasitəsilə böhranlara hazırlıq şüuru formalaşdırılacaq.
Əlilliyi olan şəxslərin prosesə cəlb edilməsi: Fövqəladə hallar üzrə planlaşdırma zamanı əlilliyi olan şəxslərin ehtiyacları nəzərə alınacaq və onların hazırlıq prosesində fəal iştirakı təşviq ediləcək.
Risklər barədə məlumatlandırmanın gücləndirilməsi: Səlahiyyətli qurumların böhran və təhdidlər barədə vətəndaşları vaxtında, əlçatan və etibarlı məlumatlarla təmin etməsi hədəflənir. Avropa Komissiyasının digər addımı isə böhran dövrlərində milli mülki müdafiə sistemlərinin fasiləsiz fəaliyyətini təmin etməkdir. Bu yaxınlarda qəbul edilən əməliyyatların davamlılığı və stress-testlərlə bağlı tövsiyə qərarı ilə Aİ-yə üzv ölkələrin və Mülki Müdafiə Mexanizminə qoşulan digər dövlətlərin milli əlaqələndirici məntəqələrinin istənilən şəraitdə fəaliyyət göstərməsi nəzərdə tutulub.
Əvvəlki böhranlar və fəaliyyətin pozulması halları zamanı əldə olunan təcrübələr əsasında hazırlanan, hüquqi baxımdan məcburi olmayan tövsiyə qərarı ölkələrin əməliyyatların davamlılığı üzrə planlar hazırlamasını və bu planları mütəmadi olaraq sınaqdan keçirməsini nəzərdə tutub. Bununla da genişmiqyaslı fəlakətlər və digər fövqəladə vəziyyətlər zamanı mülki müdafiə mexanizminin 24 saat ərzində fəaliyyətini davam etdirməsi və zəruri müdaxilənin effektiv şəkildə əlaqələndirilməsi hədəflənib.
Bəsti Rəfizadə






