Logo

Əmanət faizləri düşür - Pullar mənzil bazarına yönələcək?

Əmanət faizləri düşür - Pullar mənzil bazarına yönələcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bankların əmanətlər üzrə təklif etdiyi faizlərin aşağı salınması və daşınmaz əmlak bazarında davam edən bahalaşma vətəndaşların investisiya seçimlərini yenidən gündəmə gətirib. Əvvəllər pulunu bankda saxlayaraq faiz gəliri əldə edən şəxslər indi vəsaitlərini daha gəlirli hesab etdikləri alternativ sahələrə yönəltməyi düşünə bilərlər. Bu baxımdan daşınmaz əmlak da diqqət çəkən investisiya istiqamətlərindən biridir.

Bəs əmanət faizlərinin azalması daşınmaz əmlaka tələbatı və qiymətləri artırmaq üçün yetərli amildirmi?

İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, əmanət faizlərinin aşağı düşməsi alternativ investisiya istiqamətlərinə marağı artıra bilər.

Bununla belə, o, bu amilin daşınmaz əmlak qiymətlərində dərhal və ciddi bahalaşma yaradacağını düşünməyə əsas vermədiyini dedi.

Əmanət faizləri düşür - Pullar mənzil bazarına yönələcək?

Onun sözlərinə görə, mənzillərin qiyməti artsa da, kirayə gəlirliliyində eyni dinamika müşahidə olunmur. Belə ki, mənzilin alış qiyməti ilə müqayisədə kirayədən əldə edilən illik xalis gəlirlilik təxminən 4-6 faiz təşkil edir:

“Əmanət faizlərinin azalmasının əsas səbəblərindən biri bankların əlavə maliyyə resurslarına ehtiyac duymamasıdır. Bankların sərəncamında kifayət qədər vəsait olduqda onlar yeni əmanət cəlb etmək üçün yüksək faiz təklif etməyə maraqlı olmurlar. Əksinə, maliyyə resurslarına ehtiyac yarandıqda faizləri artırırlar”.

X.Kərimlinin fikrincə, daşınmaz əmlak bazarına daha ciddi təsir göstərə biləcək amil ipoteka kreditlərinin faiz dərəcələridir. O bildirib ki, son 3-4 ildə kommersiya banklarının öz vəsaitləri hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri 7-9 faizdən 13-14 faizə qədər yüksəlib:

“Hazırda ipoteka kreditlərinə əlçatanlıq da məhduddur. Dövlət xətti ilə verilən kreditlərə tələbat yüksək olduğundan ayrılan vəsaitlər qısa müddətdə tükənir. Kommersiya banklarının kreditləri isə yüksək faizlər səbəbindən hər kəs üçün əlverişli deyil.

Əmanət faizlərinin azalması vətəndaşları pullarını hansı istiqamətdə dəyərləndirmək barədə yenidən düşünməyə vadar edir. Lakin daşınmaz əmlak bazarında tələbatın və qiymətlərin daha ciddi artması üçün ipoteka kreditlərinin faizlərinin aşağı düşməsi daha əhəmiyyətli rol oynaya bilər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR