Logo

1500 AZN-lik yardım çoxuşaqlı ailələrin sayını artıracaq?

1500 AZN-lik yardım çoxuşaqlı ailələrin sayını artıracaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, uşağın anadan olmasına görə ödənilən müavinətin məbləği 1500 manat olacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 900 manat artırılması nəzərdə tutulub.

Bəs bu cür maddi dəstək doğumların sayının artmasına təsir göstərə bilərmi? Gəncləri ailə qurmağa və övlad sahibi olmağa təşviq etmək üçün daha hansı addımlar atılmalıdır?

Sosioloq Üzeyir Şəfiyev Sfera.az-a açıqlamasında bildirib ki, maddi dəstək demoqrafik vəziyyətin yaxşılaşdırılması baxımından təqdirəlayiq addımdır.

1500 AZN-lik yardım çoxuşaqlı ailələrin sayını artıracaq?

Onun sözlərinə görə, Azərbaycanda bir neçə ildir təbii artımın azalması tendensiyası müşahidə olunur:

“Son 22 ildə ölkə əhalisi cəmi 26,4 faiz artıb. Dövlətin sosial xidmətlərlə bağlı proqramında da bu məsələyə toxunulub. Belə ki, 2022-ci ildə ölkədə 122 min uşaq dünyaya gəldiyi halda, 2023-cü ildə bu göstərici 112 minə enib. Bu rəqəmlər artıq demoqrafik ləngimənin tendensiya xarakteri daşıdığını göstərir. Hesab edirəm ki, bu cür maddi təşviq mexanizmləri təbii artımda müşahidə olunan azalmanın qarşısının alınmasına kömək edə bilər”.

Sosioloq qeyd edib ki, birdəfəlik müavinətlə yanaşı, əlavə sosial dəstək mexanizmlərinin tətbiqi də məqsədəuyğun olardı:

“Yeni doğulan hər bir uşağın adına ilkin olaraq 100-200 manat məbləğində hesab açıla bilər. Həmin vəsait sonradan qiymətli kağızlara və digər maliyyə alətlərinə investisiya edilə bilər ki, uşaq böyüdükdən sonra bu vəsaitdən yararlansın. ABŞ-də də 2026-2028-ci illəri əhatə edən oxşar təşəbbüs mövcuddur. Bununla yanaşı, uşaqpulunun bərpası, sosial müavinətlərin artırılması və çoxuşaqlı ailə statusunun verilməsi üçün tələb olunan uşaq sayının 5-dən 3-ə endirilməsi nəzərdən keçirilə bilər. Belə olduqda üç uşağı olan ailələr də çoxuşaqlı ailələr üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilərlər. Bu isə gənc ailələrin ailə planlaşdırılmasına müsbət təsir göstərə bilər”.

Ü.Şəfiyev vurğulayıb ki, gənclərin mənzil və məşğulluq problemlərinin həlli də ailə qurmağa marağın artırılmasında mühüm rol oynayır:

“Hazırda güzəştli mənzil imkanlarından gənclərin müəyyən kateqoriyaları yararlana bilir. Yaxşı olardı ki, bu kateqoriyalar genişləndirilsin və daha çox gənc ailə mənzil sahibi olmaq imkanı qazansın. Digər mühüm məsələ gənclərin məşğulluğudur. Ölkədə ümumi işsizlik səviyyəsi 5,2 faiz olduğu halda, gənclər arasında bu göstərici 8,4 faiz təşkil edir. Gənclərin yaş xüsusiyyətlərinə uyğun, kifayət qədər gəlir əldə edə biləcəkləri iş yerlərinin yaradılması vacibdir. Bu, onların həm ailə qurmaq qərarına müsbət təsir göstərə, həm də işsizlik səbəbindən xaricə üz tutmasının qarşısını ala bilər. Eyni zamanda, əhalisi qocalan ölkələrin gənc miqrantları cəlb etmək istiqamətində həyata keçirdiyi siyasətin təsirini azalda bilər”.

Sosioloq əlavə edib ki, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşımalıdır:

“Gənclər arasında ailə dəyərlərinin və ailə qurmağın üstünlüklərinin təşviqi də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sosial şəbəkələrdə ailə institutunu və ailə dəyərlərini gözdən salan paylaşımların təsirinin azaldılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bütün bu addımlar kompleks şəkildə tətbiq olunduqda daha müsbət nəticələr əldə etmək mümkündür”.

Qeyd edək ki, hazırda sözügedən məbləğ 600 manata bərabərdir.

Şahanə Ziyad

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR