Rusiya-Ukrayna müharibəsi Azərbaycanda yekunlaşa bilər - AÇIQLAMA
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Azərbaycanın Rusiya və Ukrayna arasında enerji infrastrukturu, Qara dənizdə təhlükəsizlik və humanitar məsələlər üzrə mümkün razılaşmalarda vasitəçi ola biləcəyini deyib.
Bəs Azərbaycanın Rusiya və Ukrayna arasında vasitəçilik etməsi nə dərəcədə realdır? Rusiya-Ukrayna danışıqlarının Azərbaycanda keçirilməsi mümkündürmü?
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Əlibala Məhərrəmzadə Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman enerji təhlükəsizliyi məsələlərində vasitəçi olmağa hazırdır.
Deputat qeyd edib ki, bu məsələ ilə bağlı Aleksey Qonçarenko ilə kifayət qədər fikir mübadiləsi aparılıb:
“Bu məsələ ilə bağlı Aleksey Qonçarenko ilə kifayət qədər fikir mübadiləsi aparılıb. Qonçarenko da həmin fikir mübadilələrinə əsaslanaraq öz mövqeyini bildirir. Azərbaycan uzun müddətdir enerji təhlükəsizliyi sahəsində, eyni zamanda humanitar missiyalar çərçivəsində Ukraynaya yardım göstərməyə davam edir. Bu yardımlar ölkələrimiz arasında isti münasibətlərə və Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi prinsipinə əsaslanır”.

Ə.Məhərrəmzadə vurğulayıb ki, Azərbaycan sülh prosesinə ev sahibliyi etməyə də hazır olduğunu bildirib:
“Azərbaycan sülhün bərqərar olması üçün vasitəçilik etmək və danışıqlara ev sahibliyi etmək niyyətini ifadə etmişdi. Ukrayna tərəfi də bu təşəbbüsü böyük məmnuniyyətlə qəbul etmişdi. Lakin Rusiya ilə bağlı məsələlərdə müəyyən razılıq əldə olunmayıb. Rusiya bu təşəbbüsə nə müsbət, nə də mənfi münasibət bildirdiyindən danışıqların Azərbaycanda deyil, daha çox ərəb ölkələrində, o cümlədən Dubay və Əbu-Dabidə keçirildiyini müşahidə edirik”.
Deputatın sözlərinə görə, gələcəkdə Azərbaycanın vasitəçilik təşəbbüsü yenidən aktuallaşa bilər:
“Düşünürəm ki, müəyyən müddətdən sonra Azərbaycanın bu təşəbbüsü yenidən gündəmə gələ bilər. Rusiya-Ukrayna münaqişəsinin məhz Azərbaycanda yekunlaşmasına heç bir maneə yoxdur və bu istiqamətdə kifayət qədər irəliləyiş əldə oluna bilər. Çünki Azərbaycan bu məsələləri birbaşa yaşamış ölkələrdən biridir. Biz 30 il ərzində davam edən, uzun müddət dondurulmuş mərhələdə qalan münaqişə və işğalla üzləşmiş, nəticədə bütün torpaqlarını işğaldan azad etmiş ölkə kimi böyük təcrübəyə malikik. Azərbaycan bu təcrübəsini hər zaman bölüşməyə hazırdır”.
Şahanə Ziyad






