Heyli Biberi rahat buraxmayan xəstəlik: "İllərdir mübarizə aparıram"
Dünyaca məşhur model və sahibkar Heyli Biber şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib. Məlum olub ki, məşhur model oğlu dünyaya gəldikdən sonra premenstrual disforik pozuntu (PMDD) ilə mübarizə aparır.
Sfera.az xəbər verir ki, 29 yaşlı Heyli Biber 2024-cü ilin avqustunda ilk övladı Ceki dünyaya gətirib.
O, “WWD” nəşrinə müsahibəsində doğuşdan sonra bu xəstəlik səbəbindən ciddi çətinliklər yaşadığını bildirib.
Məşhur model qeyd edib ki, PMDD qadın sağlamlığı sahəsində kifayət qədər müzakirə olunmayan və daha çox araşdırılmasına ehtiyac duyulan problemlərdən biridir.
Heyli Biber xəstəliklə bağlı təcrübəsini bölüşməyin ona özünü daha az tənha hiss etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, insanların yaşadıqları çətinliklər barədə açıq danışması və bir-birinə empatiya göstərməsi bu prosesi daha asan keçirməyə kömək edir.
Yaşadığı sağlamlıq problemlərindən sonra qadın sağlamlığı məsələlərinə xüsusi diqqət ayıran Heyli Biber bu istiqamətdə dəstək göstərmək qərarına gəlib.
O, təsisçisi olduğu Rhode brendi vasitəsilə Qadın Sağlamlığı Fonduna (Foundation for Women's Health) üç il ərzində ümumilikdə 5 milyon dollar ianə ediləcəyini açıqlayıb.
Biberin sözlərinə görə, onun bacısı Alaya Bolduin də polikistik yumurtalıq sindromu ilə mübarizə aparıb. Məşhur model qadın sağlamlığı sahəsində elmi araşdırmaların genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Heyli Biberin sağlamlıq problemləri bununla məhdudlaşmır. O, 2022-ci ildə beynində qan laxtası ilə əlaqəli ciddi tibbi vəziyyət yaşayıb. Hadisədən sonra ürəyində aşkarlanan dəliklə bağlı əməliyyat keçirib.
İradə Elsevər






