Özbəkistandan sonra Azərbaycanın "əbədi dostu" kim olacaq? - Deputatdan AÇIQLAMA
Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında” Müqavilənin imzalanması iki ölkənin münasibətlərində mühüm hadisə kimi qiymətləndirilir.
Maraqlıdır ki, indiyədək heç bir ölkə ilə belə müqavilə bağlanmayıb. Sənəd siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın möhkəmləndirilməsini nəzərdə tutub.
Azərbaycanın Özbəkistanla bu adda müqavilə imzalaması isə iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkib.
Bəs sənədin əsas mahiyyəti nədən ibarətdir, hansı yeni imkanlar yaradacaq və regional münasibətlərə necə təsir göstərəcək? “Əbədi dost”larımızın sayı arta bilərmi?
Bu barədə Milli Məclisisin deputatı Vüqar İskəndərov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, beynəlxalq münasibətlərdə dostluq haqqında çox danışılır, strateji tərəfdaşlıq və müttəfiqlik müqavilələri imzalanır, ancaq dövlətlərarası münasibətlərdə “əbədi dostluq” anlayışının hüquqi sənəd səviyyəsinə qaldırılması xüsusi siyasi məna daşıyır:

“Azərbaycanla Özbəkistan arasında imzalanmış və Milli Məclis tərəfindən təsdiq edilmiş müqaviləyə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Bu, sadəcə iki qardaş ölkənin bir-birinə dostluq mesajı deyil, münasibətlərin gələcəyinə hesablanmış ciddi siyasi və diplomatik addımdır. Əvvəla, bir mühüm məqamı qeyd etmək istərdim. Dostluq hisslər üzərində qurula bilər, amma dövlətlərarası əbədi dostluq yalnız qarşılıqlı etimad, ortaq maraqlar və siyasi iradə üzərində dayanıqlı ola bilər. Azərbaycanla Özbəkistan münasibətlərinin fərqləndirici xüsusiyyəti də məhz bu üç amilin bir-birini tamamlamasıdır. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq iki ölkənin münasibətlərini ənənəvi dostluqdan strateji tərəfdaşlığa, oradan müttəfiqliyə və nəhayət, əbədi dostluq haqqında müqavilənin imzalanmasına gətirib çıxarıb. Bu, diplomatik terminlərin sadəcə dəyişməsi deyil, münasibətlərin siyasi məzmununun daha da zənginləşməsidir. Müqavilənin əhəmiyyətini qiymətləndirərkən onun siyasi, iqtisadi və strateji tərəflərinə diqqət yetirmək lazımdır. Qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət, təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi məsləhətləşmələrin və iqtisadi əlaqələrin genişləndirilməsi iki dövlət arasında etimad mühitinin möhkəmlənməsinə xidmət edir. Başqa sözlə, əbədi dostluq burada yalnız mənəvi anlayış deyil, konkret dövlətlərarası münasibətlər sistemidir”.
Deputat Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərinə verdiyi töhfələrə də toxunub:
“Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi qardaşlığın yalnız bəyanatlarda deyil, əməli fəaliyyətdə də özünü göstərdiyinin bariz nümunəsidir. Digər tərəfdən, bu müqavilənin əhəmiyyəti yalnız Bakı ilə Daşkənd arasındakı münasibətlərlə məhdudlaşmır. Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm dövlətlərindəndir. Bu iki ölkənin yaxınlaşması Xəzər hövzəsində, Orta Dəhliz boyunca və bütövlükdə türk dünyasında iqtisadi-siyasi inteqrasiyanın güclənməsinə əlavə imkanlar yaradır. Beləliklə, ikitərəfli dostluq daha geniş regional əməkdaşlığın mühüm elementinə çevrilir”.
Parlamentari Azərbaycanla başqa ölkələr arasında da “Əbədi dostluq” müqaviləsinin imzalanacağı ehtimalının olduğunu bildirib:
“Hesab edirəm ki, bu, tamamilə mümkündür. Lakin burada əsas məsələ belə müqavilələrin sayını artırmaq deyil, onların siyasi və strateji məzmununu qorumaqdır. Çünki beynəlxalq münasibətlərdə sənədin adı nə qədər təsirli olsa da, onun real dəyərini dövlətlərin qarşılıqlı davranışı və götürdükləri öhdəliklərə sadiqliyi müəyyən edir. Bu baxımdan, ilk növbədə qardaş Türkiyə ilə münasibətləri qeyd etmək olar. Azərbaycanla Türkiyə arasında əlaqələr artıq Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsində rəsmiləşdirilib. Bu münasibətlərin tarixi, siyasi və strateji əsasları kifayət qədər möhkəmdir və özünəməxsus xarakter daşıyır.
Eyni zamanda, Qazaxıstan və Qırğızıstanla münasibətlərimiz də xüsusi diqqətə layiqdir. Hər iki dövlətlə bizi ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, türk dünyasına mənsubiyyət və getdikcə genişlənən siyasi-iqtisadi əməkdaşlıq birləşdirir.
Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya layihələri və qarşılıqlı siyasi dəstək gələcəkdə münasibətlərin yeni hüquqi müstəviyə yüksəlməsi üçün əlverişli imkanlar yaradır. Bu kontekstdə Pakistanı xüsusi qeyd etmək istərdim. Azərbaycan-Pakistan münasibətləri coğrafi məsafələrin siyasi yaxınlığa mane olmadığının ən bariz nümunələrindən biridir. Pakistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən, ölkəmiz üçün həssas məqamlarda prinsipial mövqe nümayiş etdirən dost dövlətdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Pakistanın siyasi və mənəvi dəstəyi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün iki ölkə arasında müdafiə, təhlükəsizlik, iqtisadiyyat və diplomatiya sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlir. Prezident İlham Əliyevlə Pakistan rəhbərliyi arasında mövcud yüksək səviyyəli siyasi etimad da münasibətlərin strateji mahiyyətini gücləndirir. Hesab edirəm ki, gələcəkdə Pakistanla da əbədi dostluq haqqında müqavilənin imzalanması tamamilə məntiqli və perspektivli addım ola bilər. Çünki bəzi dövlətlərlə dostluq tarixin verdiyi fürsətdir, Pakistanla dostluq isə tarixin sınağından çıxmış siyasi etimadın nümunəsidir".
Deputat siyahını yalnız türk dövlətləti ilə məhdudlaşdırmayıb:
"Ancaq məsələyə yalnız türk dövlətləri və ənənəvi tərəfdaşlarımız çərçivəsindən yanaşmaq doğru olmazdı. Dünya sürətlə dəyişir, yeni geosiyasi reallıqlar və təhlükəsizlik çağırışları dövlətlərarası münasibətlərin məzmununu da yeniləyir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif regionlarla əməkdaşlığının genişlənməsi və çoxşaxəli xarici siyasət kursu gələcəkdə digər dost və tərəfdaş dövlətlərlə də belə müqavilələrin imzalanması imkanını istisna etmir. Burada əsas meyar coğrafi yaxınlıq və ya tarixi bağlılıqdan daha çox qarşılıqlı etimad, strateji maraqların uyğunluğu və uzunmüddətli siyasi tərəfdaşlıq olacaq. Burada daha bir maraqlı geosiyasi məqam var. Azərbaycan xarici siyasətində dostluğu hansısa dövlətə qarşı bloklaşma vasitəsinə çevirmir. Əksinə, müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışır. Bu yanaşma ölkəmizin müstəqil xarici siyasətinin mühüm xüsusiyyətlərindəndir.
Məncə, burada ən maraqlı sual Azərbaycanın neçə əbədi dostunun olacağı deyil, neçə dövlətlə zamanın, siyasi dəyişikliklərin və geosiyasi sınaqların təsirinə davam gətirən münasibətlər qura bilməsidir. Azərbaycan-Özbəkistan müqaviləsi bu baxımdan yeni diplomatik ənənənin başlanğıcı kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu Azərbaycanın həm türk dünyasında, həm də daha geniş beynəlxalq məkanda tərəfdaşlıq imkanlarını artırır. Nəticə etibarilə, gələcəkdə əbədi dostluq müqavilələrinin coğrafiyası genişlənə bilər. Yeni dünya düzəninin formalaşması, regional təhlükəsizlik çağırışları və dəyişən geosiyasi maraqlar belə münasibətlərin qurulmasını daha da aktuallaşdıra bilər. Çünki diplomatiyada əbədi dostluq yalnız bu günün münasibətlərini təsdiqləmək deyil, sabahın mümkün sınaqlarına birlikdə hazır olmaq iradəsidir”.
Bəsti Rəfizadə
Sfera.az






