Məşhur futbolçu boşandı - Böyük aliment tələbi rədd edildi
“Qalatasaray”ın keçmiş ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanma prosesi başa çatıb. Milan Məhkəməsi Naranın aylıq 250 min avro aliment və kompensasiya tələblərini rədd edib.
Sfera.az xəbər verir ki, İkardi qərardan sonra sosial şəbəkədə açıqlama yayaraq, məhkəmənin onun boşanma ilə bağlı müraciətini təmin etdiyini, lakin aylıq 250 min avro aliment tələbini rədd etdiyini bildirib.
Boşanma prosesində Vanda Naranın kompensasiya tələbi də məhkəmə tərəfindən qəbul edilməyib. Qərarda Naranın evlilik dövründə ailə həyatına və iki azyaşlı qızının qayğısına görə sənət karyerasından imtina etməyə məcbur qaldığına dair iddiasının sübuta yetirilmədiyi qeyd olunub.
Məhkəmənin qiymətləndirməsinə görə, Naranın tanınması İkardi ilə evliliyi dövründə artıb və onun peşəkar fəaliyyəti də həmin müddətdə genişlənib. Bu əsaslarla məhkəmə kompensasiya ödənilməsi tələbini rədd edib.
Qərara əsasən, Vanda Nara məhkəmə xərclərinin üçdə ikisini ödəməli olacaq.
Qeyd edək ki, Naranın müvəqqəti aliment tələbi daha əvvəl də rədd edilmişdi. İyun ayında çıxarılan müvəqqəti qərarda hakim Anna Kattaneo məhkəmə prosesi davam etdiyi müddətdə aliment ödənilməsi tələbini qəbul etməmişdi.
İradə Elsevər






