Logo

Bu şəxslər özəl sektorda işləyə bilməyəcək

Bu şəxslər özəl sektorda işləyə bilməyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda vəzifəli şəxslərin vəzifədən ayrıldıqdan sonra özəl sektorda işləməsinə yeni məhdudiyyət tətbiq ediləcək.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs qurumla əmək münasibətlərinə və ya səlahiyyətlərinə xitam verildikdən sonra iki il müddətində nəzarət etdiyi, hüquqi və inzibati aktlar qəbul etdiyi, eləcə də müqavilələr bağladığı özəl sektor subyektində işləyə bilməyəcək. Sənəddə vəzifəli şəxslərin şəxsi maraqlarının xidməti vəzifələrinin icrasına təsirinin qarşısının alınması, maraqlar toqquşması risklərinin müəyyən edilməsi və aradan qaldırılması məqsədilə bir sıra digər məhdudiyyətlər də nəzərdə tutulub.

Belə ki, vəzifəli şəxslər şəxsi maraqları barədə bəyannamə təqdim etməli, sahibkarlıq fəaliyyəti, hədiyyə və ianələrin qəbulu, dövlət satınalmalarında iştirak və xidməti məlumatlardan istifadə ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Qanun layihəsinə görə, vəzifəli şəxs özünün və ya digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən gəlir əldə etdiyi fiziki və hüquqi şəxslərlə münasibətlərdə çalışdığı qurumu nümayəndə qismində təmsil edə bilməyəcək.

Bundan başqa, vəzifəli şəxs qulluq etdiyi müddətdə qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməyəcək. Vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra isə iki il ərzində işlədiyi qurumun işləri üzrə üçüncü şəxsləri təmsil etməsinə icazə verilməyəcək. Layihədə əlavə iş və kənar fəaliyyətlə bağlı da məhdudiyyətlər müəyyənləşdirilir. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində başqa vəzifə tuta, əvəzçilik və ya müvəqqəti əvəzetmə ilə məşğul ola bilməyəcək.

Əlavə vəzifə tutmağa və ya kənar fəaliyyətlə məşğul olmağa yalnız bu fəaliyyətlərin əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmadığı və onun effektiv yerinə yetirilməsinə mane olmadığı halda yol veriləcək. Eyni zamanda, iş vaxtından kənar, xidməti vəzifələrlə əlaqəsi olmayan və maddi və ya digər nemət, imtiyaz və güzəşt əldə etməyə yönəlməyən fəaliyyət kənar fəaliyyət hesab edilməyəcək.

Qanun layihəsində vəzifəli şəxslərin reklam fəaliyyəti ilə məşğul olmasına da məhdudiyyət nəzərdə tutulur. Belə ki, onlar şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkar, onun istehsal və ya idxal etdiyi məhsul, gördüyü iş və göstərdiyi xidmət barədə münasibət bildirə bilməyəcəklər. Bundan başqa, vəzifəli şəxslərin xidməti məlumatlardan və qulluq funksiyalarının icrası zamanı əldə etdikləri qanunla qorunan sirlərdən şəxsi və ya üçüncü şəxslərin maraqları naminə istifadə etməsi qadağan ediləcək.

Bu qadağa onların vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra da qüvvədə qalacaq. Dövlət və bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqlar və xidməti vəzifələrlə əlaqəsi olmayan məqsədlər üçün istifadə də qadağan ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qanun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minəcək.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR