Çində bankların sayı 23 faiz azalıb

Çində bankların sayı 23 faiz azalıb
Kateqoriya məlum deyil
T

Çində bank sektorunda genişmiqyaslı konsolidasiya prosesi gedir. Son dörd ildə ölkədə fəaliyyət göstərən bankların sayı 23 faiz azalaraq 3139-a düşüb.


Sfera.az xəbər verir ki, “Fitch” reytinq agentliyinin hesabatına görə, 2025-ci ildə Çində 670-dən çox bank fəaliyyətini dayandırıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Bağlanan maliyyə qurumlarının demək olar ki, hamısı kənd yerlərində fəaliyyət göstərən kiçik banklar olub.


Bankların birləşdirilməsi və fəaliyyətinin dayandırılması Çində iqtisadi artımın zəifləməsi və kreditlərə tələbin azalması fonunda baş verir. Eyni zamanda, aşağı faiz dərəcələri, deflyasiya və daşınmaz əmlak bazarında davam edən böhran bankların gəlirlərinə təzyiq yaradır.


“Fitch” analitiklərinin qiymətləndirməsinə görə, kiçik banklar aktivlərin keyfiyyətinin aşağı olması, kapital çatışmazlığı və korporativ idarəetmədəki problemlər səbəbindən Çin bank sisteminin daha həssas seqmentlərindən biri olaraq qalır.


Çində bank sektorunun konsolidasiyasının əsas məqsədlərindən biri kiçik maliyyə qurumlarına nəzarətin gücləndirilməsi və mümkün likvidlik problemlərinin qarşısının alınmasıdır. Ölkənin təxminən 64 trilyon dollar həcmində aktivə malik bank sistemində kənd və regional şəhər banklarının payı ümumi aktivlərin dörddə birindən çoxdur.

Firuzə Əliyeva
Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR