Süni intellekt xərçəngi müəyyən edə biləcək - YENİLİK
Böyük Britaniyada süni intellektin süd vəzi xərçənginin erkən aşkarlanmasına kömək edib-etməyəcəyini müəyyənləşdirmək üçün dünyanın bu sahədə ən böyük tədqiqatlarından biri aparılacaq.
Sfera.az bildirir ki, EDITH adlanan tədqiqat çərçivəsində 50-71 yaş arası təxminən 660 min qadının müayinəsi nəzərdə tutulur. Araşdırmanın məqsədi süni intellekt vasitəsilə
mammoqrafiya görüntülərində insan gözündən qaça biləcək kiçik şişləri aşkar etmək, diaqnostika prosesini sürətləndirməkdir.
Hazırda Böyük Britaniyada hər bir mammoqrafiya görüntüsü ən azı iki radioloq tərəfindən yoxlanılır. Lakin müayinələrin 1 faizindən də azında xərçəng əlamətləri aşkarlanır. Bu isə həkimlərin vaxtının böyük hissəsinin xəstəlik əlaməti olmayan görüntülərin araşdırılmasına sərf edilməsinə səbəb olur.
Tədqiqat zamanı qadınlar üç qrupa bölünəcək. Birinci qrupda mammoqrafiya görüntülərini iki radioloq adi qaydada qiymətləndirəcək. İkinci qrupda isə görüntülər həm radioloq, həm də süni intellekt vasitəsilə yoxlanılacaq. Bu yolla süni intellektin həkimin diqqətindən yayınan xərçəng əlamətlərini müəyyən edə bilib-bilmədiyi araşdırılacaq.
Üçüncü qrupda isə görüntüləri ilkin olaraq süni intellekt təhlil edəcək. Xərçəng ehtimalı aşağı olduqda müayinəyə bir radioloq baxacaq, yüksək ehtimal müəyyənləşdirildikdə isə görüntüləri iki mütəxəssis qiymətləndirəcək və əlavə müayinəyə ehtiyac olub-olmadığına qərar verəcək.
Böyük Britaniyanın səhiyyə və sosial xidmətlər naziri Yvette Kuper bildirib ki, texnologiya uğurlu olarsa, qadınlarda süd vəzi xərçənginin daha tez aşkarlanmasına və müalicəyə erkən başlanmasına imkan yarada bilər. Britaniya hökuməti tədqiqatı 10 milyon funt sterlinq (təxminən 12 milyon avro) ilə maliyyələşdirir.
Kembric Universitetinin radiologiya professoru və tədqiqatın rəhbərlərindən biri Fiona Gilbertin sözlərinə görə, süni intellekt mütəxəssislərə görüntüləri daha səmərəli qiymətləndirməyə kömək edə bilər.
Qeyd edək ki, tədqiqat müddətində hər bir mammoqrafiya görüntüsü ən azı bir radioloq tərəfindən yoxlanılacaq. Süni intellektin müntəzəm skrininq proqramına daxil edilməsi isə yalnız onun mövcud müayinə üsulu qədər təhlükəsiz və effektiv olduğu təsdiqlənərsə mümkün olacaq.
Böyük Britaniyada hər il təxminən 2,1 milyon qadın süd vəzi xərçəngi üzrə skrininqdən keçir. Bu müayinələrin ildə təxminən 1300 ölümün qarşısını aldığı bildirilir.
Avropa İttifaqının məlumatına görə, süd vəzi xərçəngi regionda qadınlar arasında ən çox yayılan xərçəng növüdür. 2024-cü ildə Avropa İttifaqında təxminən 360 min qadına bu diaqnoz qoyulub. Bu, qadınlarda qeydə alınan bütün xərçəng hallarının 29 faizini təşkil edir.
İnci
Sfera.az






