“İnstagram” və “TikTok” istifadəçiləri diqqət!

“İnstagram” və “TikTok” istifadəçiləri diqqət!
Kateqoriya məlum deyil
T

ABŞ-da 13-17 yaş arasında 472 yeniyetmənin iştirakı ilə aparılan araşdırma “İnstagram” və “TikTok”istifadəsi ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.

Sfera.az xəbər verir ki, araşdırmaya əsasən, digər insanların paylaşımlarını gördükdən sonra öz həyatını daha pis qiymətləndirdiyini bildirən yeniyetmələrin sayı ən çox “İnstagram” və “TikTok” istifadəçiləri arasında olub.

Tədqiqat 2025-ci ilin fevral-dekabr aylarında aparılıb və nəticələri JAMA Pediatrics jurnalında dərc olunub. İştirakçıların 44,7 faizi son dörd həftə ərzində başqasının təhqir və ya zorakılığa məruz qalmasının şahidi olduğunu, 29,8 faizi isə zorakılığın birbaşa hədəfi olduğunu bildirib.

Araşdırmada internetdə şiddət və arzuolunmaz məzmunlarla qarşılaşmanın da real həyatdan daha çox olduğu müəyyənləşib. Yeniyetmələrin 10,7 faizi internetdə şiddət görüntüləri gördüyünü, 13,4 faizi isə arzuolunmaz cinsi görüntülərlə qarşılaşdığını deyib.

Başqalarının paylaşımlarından sonra öz həyatını daha pis hiss etdiyini bildirənlərin göstəricisi “İnstagram”-da 16,6 faiz, “TikTok”-da isə 13,4 faiz olub. Bu rəqəm “YouTube”-da 4,1 faiz, mesajlaşma tətbiqlərində isə 5,6 faiz təşkil edib.

Yuxu ilə bağlı nəticələr də diqqət çəkib. Yeniyetmələrin 51,5 faizi texnologiyadan istifadənin yuxusuna mənfi təsir etdiyini bildirib. “TikTok” istifadəçilərinin 42,2 faizi, “İnstagram” istifadəçilərinin isə 27,8 faizi yuxularının bu tətbiqlər səbəbilə pozulduğunu deyib.

Bununla belə, tədqiqatçılar nəticələrin tətbiqlərin birbaşa yeniyetmələri bədbəxt etdiyini sübut etmədiyini vurğulayıblar. Araşdırmanın nisbətən kiçik nümunə ilə aparılması və məlumatların müəyyən bir zaman kəsiyində toplanması səbəbindən səbəb-nəticə əlaqəsi müəyyənləşdirmək mümkün deyil.

Mütəxəssislər daha geniş araşdırmalarda bu nəticələrin yenidən yoxlanılacağını, həmçinin valideynlərin və süni intellekt əsaslı çatbotların yeniyetmələrə təsirinin də araşdırılacağını bildiriblər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR