Logo

Ermənistan Rusiyanın nəzarətindəki dəmir yollarından imtina edə bilər? - Ekspertdən AÇIQLAMA

Ermənistan Rusiyanın nəzarətindəki dəmir yollarından imtina edə bilər? - Ekspertdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Qafqazda yeni nəqliyyat marşrutlarının gündəmə gəlməsi Ermənistanın fəaliyyətsiz dəmir yolu xətlərinin bərpasına marağını artırıb.

İrəvan xüsusilə Gümrü-Türkiyə sərhədi və Yeraskh-Naxçıvan istiqamətlərində dəmir yolu əlaqəsinin yenidən qurulmasını müzakirə edir. Bu məqsədlə Ermənistan və Rusiya dəmir yollarının idarə olunması ilə bağlı güzəşt müqaviləsinə yenidən baxılması üçün işçi qrupu yaradıb.

Layihələrin qarşısında əsas maneələr isə dəmir yollarının Rusiya şirkətinin idarəçiliyində olması və bərpa üçün böyük maliyyə vəsaitinin tələb edilməsidir. Ermənistan bu prosesdə Rusiyanın dəmir yolları üzərindəki idarəçiliyinə son qoya bilərmi? Xətlərin açılması Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələrinin genişlənməsinə və regionun tranzit imkanlarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistan uzun illər apardığı siyasət nəticəsində özünü regional nəqliyyat kommunikasiyalarından təcrid edib.

Ermənistan Rusiyanın nəzarətindəki dəmir yollarından imtina edə bilər? - Ekspertdən AÇIQLAMA

Onun sözlərinə görə, bu səbəbdən ölkənin dəmir yolları əsasən daxili istiqamətlərdə məhdud şəkildə fəaliyyət göstərib və iqtisadi baxımdan səmərəli olmayıb:

“Azərbaycan və Ermənistan arasında müharibə mərhələsinin başa çatması, sülh sazişinin paraflanması və TRIPP layihəsinin gündəmə gəlməsi regionda nəqliyyat əlaqələrinin bərpasını zəruri edir. Ermənistan bu layihələrə qoşulmaq istəyirsə, öz ərazisindəki dəmir yollarının Azərbaycan və Türkiyə ilə bağlantısını bərpa etməlidir. Lakin bu, yalnız Ermənistanın qərarı ilə həll olunacaq məsələ deyil. Çünki həmin dəmir yolları Rusiyaya məxsusdur və onların bərpası üçün ciddi investisiya tələb olunur”.

M.Sadəddinovun fikrincə, hazırkı şəraitdə nə Ermənistanın, nə də Rusiyanın bu istiqamətdə böyük maliyyə imkanları var. Bildirib ki, Rusiyanın müharibə və iqtisadi çətinliklər səbəbindən investisiya ayırmaq imkanlarının məhdudlaşması isə prosesi daha da mürəkkəbləşdirir:

“Xüsusilə Yeraskh-Naxçıvan dəmir yolu xəttinin bərpası Ermənistanın TRIPP layihəsinə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Bu bağlantı vasitəsilə Ermənistan Türkiyə və Avropa bazarlarına, eləcə də Azərbaycan üzərindən Mərkəzi Asiya və Çin istiqamətinə çıxış əldə edə bilər”.

Ekspert hesab edir ki, mövcud vəziyyət dəyişməzsə, Ermənistan gələcəkdə dəmir yollarının idarəçiliyini Rusiyadan almaq məsələsini daha ciddi şəkildə gündəmə gətirə bilər.

“Əgər Ermənistan bu yolları bərpa etmək istəyirsə, Rusiyanın da investisiya imkanları yoxdursa, kənar investorlar cəlb edilməlidir. Lakin dəmir yollarının Rusiyaya məxsus olması və Rusiyanın sanksiyalar altında qalması xarici investorların bu layihələrə marağını məhdudlaşdıra bilər. Buna görə də düşünürəm ki, Ermənistan gec-tez bu dəmir yolları üzərində nəzarəti öz əlinə keçirməli olacaq”, – ekspert qeyd edib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR