Ermənistan Konstitusiyasından Qarabağla bağlı istinad çıxarılır
Ermənistanda yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi Azərbaycanla sülh prosesi baxımından diqqət çəkən məqamları gündəmə gətirib.
Sfera.az xəbər verir ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Bəyannamədə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında qəbul edilmiş qərara istinad olunur. Azərbaycan tərəfi bu müddəanı ölkənin ərazi bütövlüyünə qarşı iddiaların siyasi-hüquqi əsası kimi qiymətləndirir.
Yeni Konstitusiya layihəsində bu sənədə istinadın saxlanılmaması nəzərdə tutulur. Bu məsələ Azərbaycan-Ermənistan münasibətləri və sülh sazişi üzrə danışıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır.
Rəsmi Bakı dəfələrlə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan da Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi prosesinə istinadın olduğunu diqqətə çatdırıb. O, yeni Konstitusiyanın hazırlanması zamanı bu məqamın nəzərə alınmasının vacibliyini bildirib.
Yeni layihənin qəbul edilməsi üçün parlamentdə referendumun keçirilməsinə razılıq verilməlidir. Bunun üçün azı 70 deputatın səsi tələb olunur. Paşinyanın rəhbərlik etdiyi hakim partiyanın parlamentdə 64 mandatı var.
Beləliklə, layihənin referendum mərhələsinə çatması üçün əlavə deputatların dəstəyi tələb olunur. Sənədin qəbul edilməsi isə Ermənistanın konstitusion əsasları və Azərbaycanla sülh danışıqlarının gələcək istiqaməti baxımından mühüm siyasi hadisə ola bilər.
İnci
Sfera.az






