"Bu bahalı evlərdən vergi yığılmır" - Siyavuş Novruzov

"Bu bahalı evlərdən vergi yığılmır" - Siyavuş Novruzov
Kateqoriya məlum deyil
T

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bələdiyyələrin maliyyə imkanlarının artırılması və vergi məsələləri ilə bağlı təkliflərini səsləndirib.

Sfera.az xəbər verir ki, deputat qanunsuz və qeydiyyatda olmayan evlərdən əmlak vergisinin alınmamasının bələdiyyələrin gəlirlərinə ciddi təsir etdiyini bildirib.

“Böyük evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir. Bu vergini vermirlər. Nəticə etibarilə 300-500 min dəyəri olan evdən bu gün bələdiyyələr vergi yığa bilmir. Ona görə deyirik ki, bu məsələ Vergi Məcəlləsində və digər məcəllələrdə nəzərdə tutulmalı, buna baxılmalıdır”, - S.Novruzov qeyd edib.

Deputat fiziki və hüquqi şəxslər üçün bələdiyyə vergilərinin eyni müəyyənləşdirilməsinin də bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılmasına mane olduğunu deyib:

“Fiziki şəxsdən, hüquqi şəxsdən eyni vergi istənilir. Halbuki başqa sahələrdə, məsələn, qazda, işıqda fiziki şəxslə hüquqi şəxs arasında fərq var. Amma bələdiyyələrdə ikisi üçün də eyni nəzərdə tutulub. Bu da bələdiyyələrin maddi fondunun yaxşılaşdırılmasına imkan yaratmır”.

S.Novruzov həmçinin bələdiyyələrin xəritələrinin 27 il keçməsinə baxmayaraq tam şəkildə təqdim edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu xəritələrin verilməsi bələdiyyə ərazilərinə düşən sənaye və dağ-mədən sahələri ilə bağlı məsələlərin dəqiqləşdirilməsinə imkan verəcək.

“Əsas qeyd etmək istərdim ki, bir sıra məsələlər var ki, bunlar bələdiyyələrin gələcək inkişafına, perspektivinə xidmət göstərəcək. Bu addımların atılması, ayrı-ayrı komitələrlə birgə qərarların qəbul olunması həm orada yaşayan insanların abadlıq və quruculuq işlərinə dəstək olar, həmçinin bələdiyyələrin inkişafına yeni bir təkan verər”, - deputat əlavə edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR