Hörmüzdən neft daşımaları əvvəlki səviyyəyə çatıb - HESABAT

"JPMorgan" və "Goldman Sachs" banklarının hesabatlarına görə, dəniz daşımalarındakı risklərə baxmayaraq, Yaxın Şərqdən xam neft ixracı müharibədən əvvəlki səviyyəyə qayıdır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "JPMorgan" analitikləri sentyabrın 29-da yaydıqları hesabatda qeyd ediblər ki, bölgədə müharibənin davam etməsinə baxmayaraq, neft ixracı sürətlə bərpa olunur.
Bankın hesablamalarına görə, xam neft daşımaları gündəlik 17,5 milyon barrelə çatıb. Bu isə müharibədən əvvəlki həcmin 98 faizi deməkdir. Dizel və benzin kimi neft məhsullarının ixracı isə hələlik 58 faiz səviyyəsindədir.
Hürmüz boğazından keçən neftin həcmi, əsasən Səudiyyə Ərəbistanının sayəsində, yenidən iyundakı pik həddə (gündəlik 13 milyon barrel) yaxınlaşıb. Ekspertlər xəbərdarlıq edirlər ki, ixracın artması bölgədə təhlükəsizliyin bərpası demək deyil. Sadəcə olaraq, neft sektoru mövcud risklər altında işləməyə daha yaxşı uyğunlaşıb.
"Goldman Sachs" isə bildirir ki, rəsmi qeydiyyata düşməyən ("qaranlıq") daşımalar da daxil olmaqla, Fars körfəzindən ümumi neft ixracı son bir həftədə gündəlik 23,3 milyon barrelə yüksəlib. Analitiklər sentyabr ayında qlobal neft bazarında tələb və təklif balansının qorunduğunu qeyd edirlər. Hesabata görə, İranın neft ixracı azalsa da, digər Körfəz ölkələri bu boşluğu doldurub. Xüsusilə Səudiyyə Ərəbistanının sentyabr ayındakı ixracı iki dəfədən çox artıb. Buna baxmayaraq, neft qiymətləri hələ də yüksək olaraq qalır. Çünki gələcəkdə enerji infrastrukturuna ziyan vura biləcək yeni gərginlik dalğasının yaranması ilə bağlı narahatlıqlar hələ də davam edir.
Vasif






