7 il vergi verməkdən azad edildilər - DƏYİŞİKLİK

7 il vergi verməkdən azad edildilər - DƏYİŞİKLİK
Kateqoriya məlum deyil
T

Azərbaycanda startap və texnologiya sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün yeni vergi güzəştlərinin tətbiqi təklif olunur.

Sfera.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə mikro və kiçik sahibkarlıq subyekti olan, “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxslərdə iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizinin azı 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur. Hazırkı qanunvericiliyə görə isə mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdiyi gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azaddır.

Dəyişikliklə bu müddətin 7 ilə çatdırılması təklif olunur. Bundan əlavə, “Startap” və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən gəlirləri də 2027-ci il yanvarın 1-dən 10 il müddətinə vergidən azad ediləcək. Eyni zamanda, müəyyən hallarda bu şirkətlərin iştirak payları və səhmləri üzrə fiziki şəxslərə ödənilən dividendlərə, həmçinin vençur kapitalı fondlarının startaplara və texnopark rezidentlərinə investisiyalardan əldə etdiyi mənfəət üzrə iştirakçılarına ödənilən dividendlərə 10 il müddətinə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Layihəyə əsasən, startap və texnologiya şirkətlərinin xarici provayderlərdən əldə etdiyi bulud hesablama, infrastruktur, platforma, proqram təminatı və tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə ödənişlər də müəyyən şərtlərlə 2027-ci ildən etibarən 20 il müddətinə gəlir və mənfəət vergisindən azad ediləcək. Eyni xidmətlərin digər şəxslərə təkrar təqdim edilməsi halında güzəşt tətbiq olunmayacaq. Bundan başqa, innovasiya məhsullarının hazırlanması çərçivəsində elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən müəyyən xərclərin 2,5 əmsal tətbiq edilməklə vergi tutulan gəlirdən çıxılması təklif olunur. Həmçinin həmin xarici xidmətlər üzrə ödənişlərin 2027-ci il yanvarın 1-dən 20 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Qeyd edək ki, dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Məsələ müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR