Azərbaycanda ən ucuz Çin avtomobili hansıdır? - ARAŞDIRMA

Azərbaycanda son illərdə Çin avtomobil markalarına maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə daha münasib qiymətə yeni avtomobil almaq istəyənlərin seçimində Çin istehsalı olan modellər önə çıxır. Hazırda ölkədə bir sıra Çin markalarına aid olan avtomobillərin rəsmi distribütorlar vasitəsilə satışa təqdim olunur.
Bəs ən ucuz Çin markalı avtomobillər hansıdır?
Sfera.az-ın araşdırmasına görə, Azərbaycanda rəsmi satışda olan nisbətən ucuz Çin avtomobilləri arasında “BYD”, “Changan”, “Geely” və “Chery” markalarının modelləri yer alıb.
Qiymət baxımından ən aşağı təkliflərdən biri BYD markasına məxsus “Qin Plus DM-i” modelidir. Avtomobilin qiyməti 23500 manatdan başlayır. "Plug"in hibrid texnologiyaya malik olan model bu xüsusiyyəti ilə yanaşı, qiymətinə görə də diqqət çəkir.
Digər münasib qiymətli model BYD “Seagull EV”dir. Tam elektriklə çalışan bu avtomobil rəsmi satış saytında 23800 manatdan başlayan qiymətlə təqdim olunur. Kompakt ölçüləri ilə seçilən "Seagull" əsasən şəhər daxilində istifadə üçün nəzərdə tutulan modellərdəndir.
“Changan” markasının “X5 Plus” modeli isə 25500 manat qiymətindən başlayır. Avtomobil 1,5 litrlik turbo mühərrikə malikdir və rəsmi məlumatlara görə mühərrikin gücü 188 at gücüdür. Model 7 pilləli DCT sürətlər qutusu ilə təklif olunub.
“Changan”ın digər modellərindən “NEVO A05”in qiyməti 28900 manatdan başlayır. "Plug"in hibrid olan avtomobil 1,5 litrlik mühərrik və 190 at gücünə malikdir.
30 min manatdan aşağı qiymətə təklif olunan digər Çin avtomobilləri arasında “Geely Geometry E” də var. Tam elektrikli modelin rəsmi satış qiyməti 29900 manatdır. Eyni qiymət aralığında “Changan Eado Max” və “CS55 Plus” modelləri də təqdim olunub.
“Chery” markasının “Tiggo 2 Pro Max” modeli də 29900 manat qiymətindən satışa çıxarılır. Beləliklə, 30 min manatadək büdcəsi olan alıcılar üçün Çin istehsalı avtomobillər arasında həm benzin, həm hibrid, həm də tam elektrik mühərrikli modellər mövcuddur.
Daha yüksək qiymət seqmentində isə “Geely Emgrand” modelini göstərmək olar. Modelin rəsmi satış qiyməti 32900 manatdır. Avtomobil 1,5 litrlik mühərrik və avtomatik sürətlər qutusu ilə təklif olunur.
Beləliklə, Azərbaycanda yeni Çin avtomobili almaq istəyənlər üçün 23500 manatdan başlayan variantlar mövcuddur. Bununla belə, avtomobil seçərkən yalnız ilkin satış qiymətinə deyil, komplektasiyaya, zəmanət müddətinə, servis imkanlarına, ehtiyat hissələrinin əlçatanlığına və sonrakı satış dəyərinə də diqqət yetirmək vacibdir.
Bəsti Rəfizadə





