Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama

Məşhur diabet və arıqlama preparatı olan semaglutidin mədəaltı vəzi xərçəngi riskini artırmadığı müəyyənləşib.
Sfera.az xəbər verir ki, alimlər Danimarka, İsveç və Norveçdə semaglutid qəbul edən 97 464 nəfərin tibbi məlumatlarını təhlil ediblər. Nəticələr Avropa Diabet Araşdırmaları Assosiasiyasının (EASD) illik konfransında təqdim olunub.
Araşdırma zamanı semaglutid qəbul edən şəxslər diabetin müalicəsində digər dərmanlardan istifadə edən insanlarla müqayisə edilib. Birinci qrupda mədəaltı vəzi xərçənginin 131, ikinci qrupda isə 123 halı qeydə alınıb.
Müşahidə müddəti nəzərə alındıqda iki qrup arasında xəstəliyin inkişaf riski baxımından əhəmiyyətli fərq aşkarlanmayıb. Həmçinin semaglutidin daha yüksək dozada və ya daha uzun müddət istifadəsinin xərçəng riskini artırdığına dair də hər hansı əlamət müəyyən edilməyib.
Semaglutid və digər GLP-1 qrupundan olan preparatlarla bağlı narahatlıqlar daha əvvəl bəzi yan təsirlərlə bağlı məlumatlar və heyvanlar üzərində aparılan təcrübələr zamanı mədəaltı vəzi toxumalarında müşahidə edilən dəyişikliklərdən sonra yaranmışdı.
Yeni araşdırmanın müəllifləri əldə olunan nəticələrin semaglutidin uzunmüddətli istifadəsi ilə mədəaltı vəzi xərçəngi arasında əlaqə olduğuna dair əvvəlki narahatlıqları təsdiqləmədiyini bildiriblər.
İnci
Sfera.az






