Xolesterin və təzyiq problemi – Avropa Komissiyası hərəkətə keçdi

Avropa Komissiyası bazar ertəsi Aİ ölkələrinə qan təzyiqi, xolesterin və qan şəkərinin mütəmadi yoxlanılması ilə bağlı tövsiyə təqdim edib.
Sənəddə xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan insanların müayinələrə cəlb edilməsinə diqqət yetirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri Avropa İttifaqında ölümün əsas səbəbi olaraq qalıb.
Bu xəstəliklər hər il təxminən 1,7 milyon insanın ölümünə səbəb olur və iqtisadiyyata 282 milyard avrodan çox zərər vurur. Avropa Komissiyasının məlumatına görə, hipertenziya, piylənmə və yüksək xolesterin kimi risk faktorlarının aradan qaldırılması ilə xəstəlik hallarının 80%-ə qədəri önlənə bilər.
Avropa Komissiyasının səhiyyə üzrə komissarı Oliver Varhelyi bildirib ki, ürək-damar xəstəliklərinin vaxtından əvvəl baş verən hallarının böyük əksəriyyətinin qarşısını riskləri daha erkən müəyyənləşdirmək və vaxtında tədbir görməklə almaq mümkündür. Komissiyanın təşəbbüsü çərçivəsində ilk dəfə Aİ üzrə “Skrininq həftəsi” keçirilib.
Məqsəd müxtəlif xəstəliklərin və risk faktorlarının erkən mərhələdə aşkarlanmasına diqqəti artırmaqdır. Avropa Komissiyasının məlumatına görə, hazırda Aİ ölkələrinin yarısından azında ürək-damar sağlamlığı üzrə xüsusi yoxlama proqramları mövcuddur. Ölkələr arasında bu proqramların əhatə dairəsi və həyata keçirilmə qaydalarında ciddi fərqlər var.
Təklif 2025-ci ilin dekabrında təqdim olunan “Sağlam Ürəklər Planı”nın tərkib hissəsidir. Plan 2035-ci ilə qədər vaxtından əvvəl ürək-damar xəstəliklərindən ölüm hallarını 25% azaltmağı hədəfləyib. Sənəddə skrininqlərə çıxışın genişləndirilməsi, həssas qruplar üçün xüsusi tədbirlərin görülməsi, həmçinin insan nəzarəti şərti ilə rəqəmsal və süni intellekt alətlərindən daha geniş istifadə nəzərdə tutulub.
“Skrininq həftəsi” çərçivəsində Avropanın müxtəlif ölkələrində səhiyyə təşkilatları tərəfindən hər kəs üçün əlçatan və ödənişsiz müayinələr təşkil olunub. Avropa Kardiologiya Cəmiyyətinin Aİ üzrə siyasət və vəkillik meneceri Sofi Millar bildirib ki, bu təşəbbüs səhiyyə sahəsində bərabərsizliyin azaldılmasına kömək edə bilər. Onun sözlərinə görə, xüsusilə sağlamlıq imkanları və tibbi xidmətlərə çıxışı daha məhdud olan, risk qrupuna daxil insanların müayinələrə cəlb edilməsi vacibdir. Müayinələr zamanı yoxlanılan əsas göstəricilərdən biri də qan şəkəridir. Çünki diabet xəstəliyi bir çox hallarda gec aşkarlanır.
Beynəlxalq Diabet Federasiyasının hesablamalarına görə, Avropada diabetlə yaşayan hər 4 nəfərdən 1-i xəstəliyindən xəbərsizdir. Beynəlxalq Diabet Federasiyasının Avropa üzrə siyasət və vəkillik koordinatoru Maksens Prizzi bildirib ki, diabet yalnız ayrıca xəstəlik deyil, həm də bir sıra digər qeyri-infeksion xəstəliklər üçün risk faktorudur. Onun sözlərinə görə, ürək-damar xəstəlikləri, xərçəng və böyrək xəstəliklərinin yaranmasında diabet əsas risk faktorlarından biri hesab olunur. Buna görə də ilkin profilaktikada sadə sağlamlıq yoxlamaları mühüm əhəmiyyət daşıyır.
Brüsseldə müayinələr həyata keçirən tibb bacılarından biri Qreys Bayams isə bildirib ki, insan özünü sağlam hiss etsə belə, müəyyən yaşdan sonra qan şəkəri, lipid və xolesterin göstəricilərini mütəmadi bilməlidir. Onun sözlərinə görə, müayinələrin nəticəsindən asılı olaraq həkimlər xəstələrə uyğun qidalanma rejimi və müalicə tədbirləri tövsiyə edə bilərlər. Müayinələrdən yararlanan Angelos bildirib ki, uzun müddət həkimə getmədiyi üçün bu təşəbbisdən istifadə etmək qərarına gəlib.
O, xüsusilə qan şəkəri ilə bağlı məsləhət almaq istədiyini deyib. Brüsseli ziyarət edən Cek Smit isə müayinələrdə iştirakını təsadüfən təşkil olunan aksiyanı görməsi ilə əlaqələndirib. İngiltərənin Milli Səhiyyə Xidmətində həkim kimi çalışan Smit uzunmüddətli xəstəliklərlə mübarizədə profilaktikanın əhəmiyyətini vurğulayıb. O bildirib ki, insanların xəstəliklərin qarşısını almaq üçün edə biləcəkləri tədbirlər barədə məlumatlandırılması vacibdir. Onun sözlərinə görə, sağlamlıqla bağlı riskləri vaxtında müəyyənləşdirmək insanların daha sağlam həyat sürməsinə kömək edə bilər.
Bəsti Rəfizadə






