Sevdiyiniz insanla yemək yemək sağlamlığa necə təsir edir?

Yeni araşdırma sevdiyiniz insanla birlikdə yemək yeməyin orqanizmə maraqlı təsirini ortaya çıxarıb. Məlum olub ki, eyni karbohidratlı qidanı romantik partnyoru ilə yeyən şəxslərdə yeməkdən sonra qan şəkərinin yüksəlməsi tək yeyənlərlə müqayisədə daha az olur.
Sfera.az xəbər verir ki, araşdırma Qüds İbrani universitetinin alimləri tərəfindən aparılıb və nəticələr “Science Advances” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı iştirakçılara standart karbohidratlı yemək verilib. Onların bir hissəsi yeməyi partnyoru ilə, digər hissəsi isə tək yeyib. Nəticələr göstərib ki, sevdiyi insanla birlikdə yemək yeyən şəxslərdə qanda qlükozanın yüksəlməsi daha məhdud olub və qan şəkəri daha sürətlə normal səviyyəyə qayıdıb.
Araşdırmanın müəllifi Şir Atzil bildirib ki, əldə olunan nəticələr “sosial fiziologiya” anlayışı ilə əlaqəli ola bilər. Bu yanaşmaya görə, insan özünü yaxın hiss etdiyi şəxslərin yanında olduqda orqanizmin daxili tarazlığı daha effektiv şəkildə qorunur.
Alimin sözlərinə görə, insan orqanizminin xarici mühitdən tamamilə müstəqil şəkildə özünü tənzimləyən sistem olduğu düşünülürdü. Lakin yeni nəticələr fizioloji proseslərin sosial münasibətlərdən də təsirlənə biləcəyini göstərir.
Araşdırmada sosial yaxınlığın yalnız qan şəkərinə deyil, digər fizioloji proseslərə də təsir etdiyi müəyyənləşdirilib. Sevdiyi insanın yanında olmaq soyuğa məruz qalma zamanı bədən temperaturunun daha yaxşı tənzimlənməsinə kömək edib. Həmçinin böyüklərdə və körpələrdə stress reaksiyalarının azaldığı müşahidə olunub.
Maraqlısı isə budur ki, bu təsirlərin yaranması üçün mütləq fiziki təmasın olması tələb olunmayıb. Tədqiqatçılar nəticələrin yalnız stressin azalması ilə izah edilməsinin mümkün olmadığını bildiriblər.
Mənsumə






