Əbu-Dabi görüşü sülh gətirəcəkmi? – Politoloqdan mühüm açıqlama
Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində diplomatik səylər davam edir. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqların növbəti mərhələsinin keçirilməsi gözlənilir. Noyabrın 10-da baş tutan ilk raunddan sonra tərəflərin hansı məsələlərdə razılığa gələ biləcəyi diqqət mərkəzindədir.
Xatırladaq ki, bundan əvvəl də Türkiyənin vasitəçiliyi ilə oxşar danışıqlar təşkil olunub. Lakin diplomatik təmasların müharibənin dayandırılması istiqamətində nə dərəcədə effektiv olacağı hələ də sual doğurur.
Bəs üçtərəfli danışıqlar müharibənin sona çatmasına real zəmin yarada bilərmi? Tərəflər arasında mövcud fikir ayrılıqları fonunda sülh razılaşmasının əldə olunması nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, Əbu-Dabidə keçirilən görüşü birbaşa müharibənin dayandırılması istiqamətində atılmış addım kimi xarakterizə etmək düzgün olmaz:
“Bu görüşün hədəfləri müharibənin başa çatmasından daha geniş siyasi və geosiyasi məsələləri əhatə edirdi. Gündəlikdə Avropanın gələcək təhlükəsizlik arxitekturası, Rusiyanın təhlükəsizlik tələbləri, Ukraynanın ərazi bütövlüyü və ABŞ-nin münaqişədən sonrakı regional nizama dair yanaşması dayanırdı.
İlk görüşün konstruktiv qiymətləndirilməsi də diqqət çəkən məqamlardan biridir. Həm Rusiya, həm də Qərb mətbuatında yayılan məlumatlara əsasən, müzakirələrin mərkəzində müharibədən sonrakı təhlükəsizlik mexanizmləri dayanırdı. Burada tərəflərin mövqeləri arasında ciddi fərqlər mövcuddur. Rusiya hərbi və siyasi baxımdan əldə etdiyi mövqeləri gələcək razılaşmalarda möhkəmləndirməyə çalışırsa, Ukrayna öz ərazi bütövlüyü və suverenliyi məsələsində ciddi mövqe nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, Rusiyanın əsas tələblərindən biri gələcəkdə mümkün böhran vəziyyətlərində təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır:
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Avropada gələcək təhlükəsizlik arxitekturasının müzakirəsini prioritet məsələ kimi müəyyənləşdirir. Atəşkəs məsələsini isə sonraya saxlayaraq buna daha geniş siyasi və təhlükəsizlik razılaşmasının tərkib hissəsi kimi yanaşılmasını istəyir. Moskvanın mövqeyi ondan ibarətdir ki, hərbi əməliyyatların dayandırılması özlüyündə münaqişənin köklü həlli demək deyil.
ABŞ-nin yanaşmasında isə gələcək mərhələlərdə Avropa dövlətlərinin də danışıqlara cəlb edilməsi məsələsi diqqət çəkir. Rusiya bununla bağlı ehtiyatlı mövqe nümayiş etdirir. Moskva Avropa dövlətlərinin Ukraynaya göstərdiyi hərbi və siyasi dəstəyi nəzərə alaraq onların vasitəçilik rolunu qəbul etməkdə maraqlı görünmür”.

Ş.Həsənova qeyd edib ki, atəşkəs məsələsi ətrafında mövcud yanaşmalar da kifayət qədər fərqlidir:
“Moskvada müvəqqəti atəşkəsin Ukraynaya hərbi potensialını bərpa etmək və yenidən silahlanmaq imkanı verə biləcəyi ilə bağlı narahatlıq mövcuddur. Bu səbəbdən Rusiya üçün əsas məsələ yalnız döyüşlərin dayandırılması deyil, atəşkəsdən sonrakı mərhələnin hansı siyasi və hərbi şərtlər əsasında formalaşacağıdır.
Avropa ölkələrinin mövqeyinə gəldikdə isə, onlar Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasını əsas prinsiplərdən biri hesab edirlər. Eyni zamanda, Avropada belə bir narahatlıq var ki, Vaşinqton Moskva ilə razılığa gəlmək naminə Kiyevə ərazi güzəştləri ilə bağlı təzyiq göstərə bilər. Bu baxımdan Avropa dövlətləri öz təhlükəsizlik maraqlarının və Ukraynanın gələcəyinin müzakirəsində birbaşa iştirak etmək istəyirlər”.
Ekspert bildirib ki, ABŞ-nin yanaşması müharibənin sadəcə müvəqqəti dayandırılmasından daha çox, uzunmüddətli siyasi razılaşmanın əldə edilməsinə yönəlir:
“ABŞ-nin yanaşması müharibənin sadəcə müvəqqəti dayandırılmasından daha çox, uzunmüddətli siyasi razılaşmanın əldə edilməsinə yönəlir. Böyük Britaniya, Fransa və Almaniya başda olmaqla Avropa dövlətlərinin əsas mesajı budur ki, Avropanın gələcək təhlükəsizlik sisteminə dair qərarlar Avropanın iştirakı olmadan qəbul edilməməlidir. Ukraynanın təhlükəsizlik təminatları məsələsi də danışıqların mühüm istiqamətlərindən biridir. NATO üzvlüyü məsələsi həllini tapmasa belə, Kiyev ABŞ və Avropa tərəfindən uzunmüddətli, etibarlı və konkret mexanizmlərlə təmin edilmiş təhlükəsizlik zəmanətləri əldə etməyə çalışır”.
Politoloq vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin həlli daha geniş geosiyasi kontekstə malik, uzunmüddətli və çoxşaxəli prosesdir:
“Bütün bunları ümumiləşdirsək, Əbu-Dabi danışıqları göstərir ki, Rusiya-Ukrayna müharibəsinin həlli yalnız iki ölkə arasında ərazi və hərbi məsələlərin razılaşdırılmasından ibarət deyil. Çünki müzakirə predmeti təkcə Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəyi deyil, eyni zamanda ABŞ, Avropa və Rusiya arasındakı münasibətlərin yeni mərhələsi, NATO-nun gələcək təhlükəsizlik siyasəti və Avropa qitəsində güc balansının necə formalaşacağıdır.
Bu baxımdan Əbu-Dabi görüşünü müharibənin başa çatmasına aparan yekun mərhələ kimi deyil, müharibədən sonrakı geosiyasi nizamın konturlarının müəyyənləşdirilməsinə yönəlmiş diplomatik prosesin bir hissəsi kimi qiymətləndirmək daha doğru olardı. Yəni, müharibədən sonrakı geosiyasi nizamın konturlarının müəyyənləşdirilməsi prosesi hələ davam edir”.
Şahanə Ziyad






