Neft ucuzlaşa bilər: "Əvvəlki vəziyyət dəyişib"
Son günlər beynəlxalq bazarlarda neft qiymətlərinin ucuzlaşması diqqət çəkir. Yaxın Şərqdə hərbi qarşıdurma riskinin azalması, ABŞ və İran arasında mümkün danışıqların gündəmə gəlməsi, eləcə də Hörmüz boğazından neft daşımalarının bərpası ilə bağlı açıqlamalar bazarda gözləntiləri dəyişib. ABŞ tərəfinin boğazdan neft daşımalarının əvvəlki səviyyəyə çatdığını bildirməsi də təklifin artacağına dair nikbinliyi gücləndirib.
Bəs neftin qiymətindəki enişin əsas səbəbi nədir? Bu, müvəqqəti prosesdir, yoxsa Yaxın Şərqdə gərginliyin azalması fonunda daha uzunmüddətli ucuzlaşma mərhələsinin başlanğıcıdır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərov Sfera.az-a açıqlama verərkən bildirib ki, neftin bahalaşmasına səbəb olan amillərin zəifləməsi hazırda qiymətlərin aşağı düşməsinə gətirib çıxarır.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması, İran ətrafında müharibə və Körfəz ölkələrində artan gərginlik neft təklifini məhdudlaşdıraraq qiymətlərin yüksəlməsinə səbəb olmuşdu:
“Lakin hazırda regionda gərginliyin müəyyən qədər azalması və tərəflər arasında gizli və açıq danışıqların aparılması ilə bağlı məlumatlar bazara təsir edir. Danışıqların mümkün nəticələri barədə yayılan hər yeni xəbər müharibə ehtimalını zəiflədir və bu da neftin ucuzlaşmasına təkan verir”.

N.Cəfərovun fikrincə, ABŞ-də Nümayəndələr Palatası və Senat seçkilərində demokratların qələbəsi də ilkin mərhələdə müharibə riskinin azalacağına dair gözləntiləri gücləndirən amillərdən biri kimi qiymətləndirilə bilər.
“Əgər hərbi qarşıdurma baş verməzsə və İran ətrafında müəyyən razılaşma əldə olunarsa, neft qiymətlərində eniş davam edə bilər. Belə olan halda ilkin mərhələdə neftin bir barelinin 80 dollara, sonrakı dövrdə isə 70 dollara qədər ucuzlaşması mümkündür. Neft bazarının gələcək istiqaməti böyük ölçüdə ABŞ-İran danışıqlarının nəticəsindən və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətindən asılı olacaq”, - iqtisadçı bildirib.
İradə Elsevər






