Avtobus sərnişinlərinə sərt qaydalar: Bu hərəkətlər cərimələnəcək

Sinqapurda ictimai nəqliyyatda yüksək səslə musiqi dinləmək, oturacağa ayaq qoymaq, yemək yemək və zibil atmaq kimi hərəkətlərə görə təxminən 400 dollar cərimə tətbiq ediləcək.
Sfera.az xəbər verir ki, Sinqapurda ictimai nəqliyyatda sərnişinlərin narahat edilməsinin qarşısını almaq məqsədilə bəzi davranışlar artıq yalnız nəqliyyat şirkətlərinin qaydaları ilə deyil, qanun pozuntusu kimi də qiymətləndiriləcək.
Sinqapur Yerüstü Nəqliyyat İdarəsinin (LTA) açıqlamasına görə, avtobuslarda əvvəllər operator şirkətlərin daxili qaydaları ilə tənzimlənən bəzi hərəkətlər yeni tətbiqlə hüquqi pozuntu hesab olunacaq.
Yeni qaydalara əsasən, avtobuslarda yüksək səslə musiqi və ya digər səsli yayımlar etmək, oturacaqlara ayaq qoymaq, yemək və içmək, həmçinin zibil atmaq kimi hərəkətlərə görə təxminən 400 dollar cərimə tətbiq olunacaq. Daha ciddi pozuntulara görə isə cərimənin məbləği 4 min dollara qədər yüksələ bilər.
Avtobus terminallarında sərnişinlərin keçidinə mane olan və ya təhlükə yaradan hərəkətlər, eləcə də avtobus, transfer mərkəzi və ya terminalın hər hansı hissəsini çirkləndirmək daha ağır pozuntu hesab ediləcək.
İctimai nəqliyyatda sərnişinlərin rahatlığını qorumağa yönəlmiş oxşar qaydalar Polşanın Krakov şəhərində də tətbiq edilib. Şəhərdə bu il qüvvəyə minən qaydalara əsasən, mobil telefon və digər elektron cihazlardan istifadə etməklə ictimai asayişi və sakitliyi pozan şəxslər 52 dollara qədər cərimələnə bilər.
Mənsumə






