Dünya neft bazarında liderlər dəyişib - Müharibənin təsiri görünür
Son illərdə baş verən müharibələr, beynəlxalq sanksiyalar və enerji bazarındakı dəyişikliklər neft istehsalçısı ölkələrin mövqeyinə də təsir göstərib. Bir vaxtlar əsas diqqət Səudiyyə Ərəbistanı, Rusiya və İranın üzərində olsa da, hazırda dünya neft hasilatında fərqli mənzərə formalaşıb.
Bəs müharibələrdən sonra ölkələrin hasilat göstəriciləri necə dəyişib və hazırda ən çox neft istehsal edən dövlətlər hansılardır?
Sfera.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci il üzrə məlumatlarına əsasən, dünya neft hasilatında ilk pillədə ABŞ qərarlaşıb. Ölkədə gündəlik orta hesabla 13,66 milyon barel xam neft və kondensat hasil edilib.
İkinci yerdə gündəlik 9,89 milyon barel hasilatla Rusiya, üçüncü yerdə isə 9,55 milyon barellə Səudiyyə Ərəbistanı yer alıb.
İlk onluqda Kanada 4,96 milyon barellə dördüncü, İraq 4,39 milyon barellə beşinci, Çin 4,33 milyon barellə altıncı, İran 4,05 milyon barellə yeddinci yerdədir. Birləşmiş Ərəb Əmirlikləri 3,77 milyon barellə səkkizinci, Braziliya eyni göstərici ilə doqquzuncu, Küveyt isə 2,58 milyon barellə onuncu pillədə qərarlaşıb.
Məlumatlardan görə bilərik ki, 2025-ci ildə bəzi ölkələrdə hasilat artdığı halda, digərlərində azalma qeydə alınıb. Məsələn, Səudiyyə Ərəbistanında gündəlik hasilat 2024-cü ildəki 9,2 milyon bareldən 2025-ci ildə 9,6 milyon barelə yüksəlib. Rusiyada isə hasilat əvvəlki illə müqayisədə demək olar ki, dəyişməyib. EIA bunu könüllü hasilat məhdudiyyətləri və Ukrayna ilə münaqişənin təsirləri ilə əlaqələndirir.
ABŞ-nin liderliyinin əsas səbəblərindən biri şist nefti yataqlarında hasilatın genişlənməsi, yeni qazma texnologiyalarının tətbiqi və istehsal səmərəliliyinin yüksəlməsidir. EIA ABŞ-də 2026-cı ildə də gündəlik hasilatın təxminən 13,7 milyon barel səviyyəsində qalacağını proqnozlaşdırır.
Rusiya-Ukrayna müharibəsinin təsiri isə daha çox Rusiyanın neft ixracının istiqamətində özünü göstərib. EIA-nın məlumatına görə, Avropanın Rusiyanın xam neft və kondensat ixracındakı payı 2020-ci ildəki 51 faizdən 2024-cü ildə 12 faizə, 2025-ci ilin ilk yarısında isə 11 faizə düşüb. Rusiya ixracını əsasən Asiya bazarlarına yönəltməyə başlayıb.
Digər tərəfdən, İran və Yaxın Şərqdəki vəziyyət dünya neft bazarında təchizat təhlükəsizliyini daha da aktuallaşdırıb. Xüsusilə Hörmüz boğazının əhəmiyyəti diqqət mərkəzindədir. Çünki bu marşrut Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt və İranın neft ixracı üçün mühüm nəqliyyat dəhlizidir. Burada yaranan hər hansı ciddi fasilə dünya bazarında təklifə və qiymətlərə təsir göstərə bilər.
İradə Elsevər






