Tramp-Si görüşü: ABŞ və Çin mühüm qərarlar verəcək

Tramp-Si görüşü: ABŞ və Çin mühüm qərarlar verəcək
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək görüş Avropada da diqqətlə izlənilir. Tərəflərin tariflər, nadir torpaq elementləri və süni intellektlə bağlı mühüm məsələləri müzakirə edəcəyi gözlənilir.


Sfera.az xəbər verir ki, Si Cinpin çərşənbə günü ABŞ-yə üçgünlük səfərə gedəcək. Bu, iki liderin son bir il ərzində ikinci görüşüdür. Görüş ABŞ və Çin arasında ötən ilin oktyabrında əldə edilmiş ticarət razılaşmasının müddətinin başa çatmasına az müddət qalmış keçirilir.


ABŞ və Çin arasında tariflərin qarşılıqlı azaldılması ilə bağlı razılaşmanın əldə olunacağı gözlənilir. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qreer tərəflərin kənd təsərrüfatı və qeyri-tarif maneələri ilə bağlı açıqlamalar verə biləcəyini bildirib. Eyni zamanda, 30 milyard dollar dəyərində mallara tətbiq olunan tariflərin azaldılması müzakirə olunur.


Bu məsələ Avropa üçün də əhəmiyyətlidir. Çünki ABŞ-nin Çinə tətbiq etdiyi yüksək tariflər Çin mallarının Avropa bazarına yönəlməsi riskini artırır. Avropa İttifaqı da iyun ayından Çinlə ticarət əlaqələrindəki gündəlik təxminən 1 milyard avroluq kəsirin azaldılması üçün danışıqlar aparır.


Görüşdə nadir torpaq elementlərinin ixracı da əsas mövzulardan biri olacaq. Çin bu strateji materialların istehsalı və emalında dominant mövqeyə malikdir. Avropa İttifaqı üçün sənaye baxımından mühüm əhəmiyyət daşıyan bu resursların ixracına qoyulan məhdudiyyətlər Brüsseldə ciddi narahatlıq yaradıb.


Süni intellekt də Vaşinqton və Pekinin müzakirə edəcəyi məsələlər sırasındadır. ABŞ və Çin arasında ciddi süni intellekt insidentləri zamanı bir-birini xəbərdar etməyə imkan verəcək “qaynar xətt” yaradılması təklif edilir.Brüsseldə yerləşən “Bruegel” beyin mərkəzinin eksperti Alisiya Qarsia Errero hesab edir ki, ABŞ və Çin arasında süni intellekt sahəsində belə bir mexanizmin yaradılması Avropanın proseslərdən kənarda qalması ilə nəticələnə bilər.


Onun sözlərinə görə, Tramp-Si görüşü qlobal sistemdə ABŞ və Çinin iki əsas güc mərkəzi kimi rolunun daha da möhkəmləndiyini göstərə bilər.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR