Logo

Doğuş zamanı qadınların çanaq sümüyünü mişarla kəsirdilər: 1500 qadının yaşadığı dəhşət

Doğuş zamanı qadınların çanaq sümüyünü mişarla kəsirdilər: 1500 qadının yaşadığı dəhşət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Doğuş qadınlar üçün həyatın ən çətin və həssas proseslərindən biri hesab olunur.

Lakin tibbin indiki səviyyəyə çatmadığı dövrlərdə bəzi ölkələrdə doğuşu asanlaşdırmaq adı ilə qadınlara olduqca ağır cərrahi müdaxilələr edilirdi. Hətta bəzi hallarda körpənin dünyaya gəlməsini asanlaşdırmaq üçün qadının çanaq sümüyünün kəsilməsinə qədər gedib çıxılıb. İrlandiyada onilliklər ərzində tətbiq edilən bu tibbi üsul sonradan böyük qalmaqala çevrilib.

Sfera.az xəbər verir ki, söhbət simfiziotomiya (symphysiotomy) adlanan cərrahi prosedurdan gedir. Bu əməliyyat zamanı qadının çanağının ön hissəsində yerləşən qasıq simfizi kəsilərək çanağın genişlənməsi təmin edilib. Məqsəd doğuş zamanı körpənin doğuş kanalından keçməsini asanlaşdırmaq idi. Bu üsul xüsusilə keysəriyyə əməliyyatının geniş yayılmadığı və tibbi imkanların məhdud olduğu dövrlərdə alternativ müdaxilə kimi istifadə olunub. Lakin məsələ təkcə simfiziotomiya ilə məhdudlaşmayıb.

Eyni məqsədlə tətbiq edilən pubiotomiya zamanı isə qadının qasıq sümüyünün kəsilməsi üçün cərrahi mişardan istifadə olunurdu. Bu iki prosedur bir-birindən fərqlənsə də, hər ikisi doğuş zamanı çanağın genişləndirilməsinə xidmət edib. İrlandiyada bu əməliyyatların tətbiqi xüsusilə diqqət çəkib. Araşdırmalara görə, 1940-cı illərdən 1980-ci illərin ortalarına qədər ölkədə təxminən 1500 qadın simfiziotomiyaya məruz qalıb. Bəzi xəstəxanalarda bu üsul 1980-ci illərə qədər davam edib. Məsələn, Drogheda şəhərindəki “Our Lady of Lourdes Hospital” xəstəxanasında əməliyyatların 1984-cü ilə qədər aparıldığı bildirilib. Zaman keçdikcə əməliyyatdan sonra qadınların üzləşdiyi sağlamlıq problemləri ictimaiyyətə məlum olmağa başlayıb.

Onların bir qismi illərlə davam edən çanaq və bel ağrılarından, yeriməkdə çətinlikdən, sidik saxlaya bilməməkdən və hərəkət məhdudiyyətindən şikayət edib. Bəzi qadınlar doğuş zamanı hansı tibbi müdaxiləyə məruz qaldıqlarını belə bilmədiklərini, başlarına gələnləri yalnız illər sonra öyrəndiklərini bildiriblər. 2010-cu ildə İrlandiyanın RTE telekanalında yayımlanan araşdırma proqramı bu məsələni yenidən gündəmə gətirib. Proqramda əməliyyatın tətbiqi, qadınların yaşadıqları ağır təcrübələr və tibbi müdaxilələr zamanı onların razılığının alınmaması ilə bağlı iddialar araşdırılıb. Məlum olub ki, bəzi qadınlara əməliyyatın mahiyyəti barədə məlumat verilməyib və onlar sonradan uzunmüddətli sağlamlıq problemləri ilə üzləşiblər. Əməliyyatların uzun müddət davam etməsinin səbəbləri arasında İrlandiyanın həmin dövrdəki dini və sosial mühiti də müzakirə olunub. Ölkədə kontrasepsiya və sterilizasiya ilə bağlı ciddi məhdudiyyətlərin mövcud olduğu illərdə bəzi həkimlər qeysəriyyə əməliyyatının qadının gələcək hamiləlikləri üçün risk yarada biləcəyini düşünürdülər.

Simfiziotomiyanın isə sonrakı doğuşlarda da istifadə oluna biləcəyi ehtimal edilib. Məsələ illər sonra hüquqi müstəviyə daşınıb. Zərərçəkmiş qadınlar yaşadıqları sağlamlıq problemlərinə görə dövlətin məsuliyyət daşıdığını bildirərək kompensasiya tələb ediblər. Nəticədə 2014-cü ildə İrlandiya hökuməti xüsusi kompensasiya proqramı təsdiqləyib. Proqram üçün 34 milyon avro vəsait ayrılıb, qadınlara sağlamlıqlarına dəymiş zərərin ağırlığından asılı olaraq 50 min, 100 min və 150 min avro ödənilməsi nəzərdə tutulub. 2016-cı ildə açıqlanan yekun məlumatlara əsasən, təxminən 590 müraciətdən 399 qadına kompensasiya ödənilib.

185 qadın isə əməliyyata məruz qaldığını təsdiqləyən kifayət qədər sübut təqdim edə bilmədiyi üçün proqramdan yararlana bilməyib. Ödənişlər dövlətin hüquqi məsuliyyətini qəbul etməsi anlamına gəlməyən xüsusi kompensasiya mexanizmi çərçivəsində həyata keçirilib. Beləliklə, vaxtilə doğuşu asanlaşdırmaq üçün tətbiq edilən bu tibbi müdaxilələr onilliklər sonra İrlandiyada qadın hüquqları, tibbi etika və dövlət məsuliyyəti ilə bağlı ciddi müzakirələrə səbəb olub. Hadisə tibbi qərarların qəbulunda qadınların məlumatlandırılması və razılığının alınmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyub.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR