Tramp, Putin və Si Cinpinin görüşü 80 il öncəni xatırlatdı
Dünya siyasətində baş verən son hadisə tarixdəki mühüm diplomatik görüşləri yenidən gündəmə gətirib.
Tramp, Putin və Si Cinpinin görüşü 80 il öncəni xatırlatdı
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində bir araya gəlməsi beynəlxalq münasibətlər tarixində yeni səhifə kimi qiymətləndirilir.
Üç nüvə dövlətinin liderlərinin eyni masa arxasında əyləşərək qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər və dünya nizamı ilə bağlı məsələləri müzakirə etməsi İkinci Dünya müharibəsi dövründə keçirilən Tehran, Yalta və Potsdam konfranslarını xatırladıb. Maraqlıdır ki, təxminən 80 il əvvəl də dünyanın gələcəyinə təsir edən qərarlar üç böyük dövlətin rəhbərlərinin iştirakı ilə qəbul edilib.
Həmin vaxt ABŞ, Böyük Britaniya və SSRİ liderləri müharibənin taleyini, Avropanın gələcək xəritəsini və müharibədən sonrakı beynəlxalq münasibətlərin əsaslarını müzakirə ediblər.
Bəs tarixdə hansı görüşlər bugünkü sammitlə müqayisə oluna bilər?
Tehran konfransı – dünyanın gələcəyinə dair ilk böyük razılaşma...
Fotolar2Sfera.az xatırladır ki, İkinci Dünya müharibəsinin gedişində keçirilən ən mühüm diplomatik görüşlərdən biri 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehranda baş tutan konfrans olub. Görüşdə ABŞ Prezidenti Franklin Ruzvelt, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill və SSRİ rəhbəri İosif Stalin iştirak ediblər. Bu, həmin üç liderin ilk dəfə eyni məkanda üz-üzə görüşməsi idi. Konfransın əsas məqsədi faşist Almaniyasına qarşı müharibənin strategiyasını müəyyənləşdirmək, müttəfiq qüvvələrin hərbi əməliyyatlarını əlaqələndirmək və müharibədən sonrakı dünya nizamını müzakirə etmək idi.
Tehran görüşünün ən mühüm nəticələrindən biri Qərbi Avropada ikinci cəbhənin açılması ilə bağlı razılaşma olub. ABŞ və Böyük Britaniya Normandiya istiqamətində hərbi əməliyyat keçirməyi öhdələrinə götürüblər. SSRİ isə Almaniya qüvvələrini şərq cəbhəsində sıxışdırmaq üçün genişmiqyaslı hücuma hazırlaşmalı idi. Bununla yanaşı, Polşanın gələcək sərhədləri, Almaniyanın müharibədən sonrakı taleyi və beynəlxalq təhlükəsizliyi təmin edəcək yeni təşkilatın yaradılması məsələləri də müzakirə edilib. Beləliklə, Tehran konfransı yalnız hərbi əməkdaşlıq baxımından deyil, müharibədən sonrakı dünya düzəninin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyıb.
1945-ci il fevralın 4-dən 11-dək Krımın Yalta şəhərində keçirilən növbəti görüş tarixə Yalta konfransı kimi düşüb. Bu dəfə də ABŞ Prezidenti Franklin Ruzvelt, SSRİ rəhbəri İosif Stalin və Böyük Britaniyanın Baş naziri Uinston Çörçill bir araya gəliblər. Tehran görüşündən fərqli olaraq, Yalta konfransı zamanı Almaniyanın məğlubiyyəti artıq qaçılmaz görünürdü. Buna görə də liderlərin əsas diqqəti müharibədən sonrakı Avropanın siyasi və ərazi quruluşuna yönəlib. Görüşdə Almaniyanın işğal zonalarına bölünməsi, ölkədə nasizmin aradan qaldırılması, müharibə cinayətkarlarının cəzalandırılması və təzminat məsələləri müzakirə olunub. Bundan başqa, gələcək Birləşmiş Millətlər Təşkilatının yaradılması, onun fəaliyyət prinsipləri və Təhlükəsizlik Şurasında səsvermə mexanizmi ilə bağlı razılaşmalar əldə edilib. Yalta konfransının ən mübahisəli tərəflərindən biri isə Şərqi Avropanın, xüsusilə Polşanın gələcəyi ilə bağlı qərarlar idi. Müharibədən sonra regionda SSRİ-nin təsirinin genişlənməsi sonrakı illərdə Qərb və Sovet İttifaqı arasında ciddi qarşıdurmaya zəmin yaradıb. Bu səbəbdən Yalta görüşü tarixdə həm müharibədən sonrakı beynəlxalq sistemin əsaslarının qoyulduğu, həm də sonradan Soyuq müharibə dövrünün siyasi ziddiyyətləri ilə əlaqələndirilən konfranslardan biri hesab olunur.
1945-ci il iyulun 17-dən avqustun 2-dək Almaniyanın Potsdam şəhərində keçirilən konfrans “Böyük üçlük” formatında sonuncu əsas müharibə görüşü olub.
Lakin bu dəfə əvvəlki konfranslardan fərqli olaraq, ABŞ və Böyük Britaniyanı təmsil edən liderlər dəyişib. ABŞ Prezidenti Franklin Ruzveltin vəfatından sonra ölkəni Harri Trumen təmsil edib. Böyük Britaniyada isə konfransın gedişində keçirilən seçkilər nəticəsində Uinston Çörçillin yerini Klement Ettli tuub. SSRİ-ni yenə İosif Stalin təmsil edib. Görüşdə əsas müzakirə mövzusu məğlub olmuş Almaniyanın gələcəyi idi. Ölkənin idarə olunması, sərhədlərin müəyyənləşdirilməsi, əhalinin köçürülməsi, təzminatlar və Avropanın müharibədən sonrakı bərpası məsələləri müzakirə edilib. Potsdam konfransı zamanı ABŞ, Böyük Britaniya və Çin Yaponiyanı qeyd-şərtsiz təslim olmağa çağıran bəyannamə də yayıblar. SSRİ həmin sənədi imzalamadı, çünki o vaxt hələ Yaponiya ilə müharibəyə qoşulmayıb. Bu görüşün digər mühüm məqamı ABŞ-nin ilk atom bombasını sınaqdan keçirməsi ilə bağlı məlumatın Stalinə çatdırılması idi. Bu hadisə tərəflər arasında etimadsızlığın və siyasi gərginliyin artdığı dövrün simvolik məqamlarından biri sayılır. Potsdam görüşündən sonra üç dövlətin liderləri müharibədən sonrakı Avropanın yenidən qurulması məsələlərində əvvəlki kimi vahid mövqedən çıxış edə bilməyiblər. Müttəfiqlər arasındakı fikir ayrılıqları getdikcə dərinləşdi və Soyuq müharibə dövrünün başlanmasına zəmin yaranın.
80 il sonra yenidən üç böyük güc bir masa arxasında…

Tarixi konfranslarla bugünkü görüş arasında diqqətçəkən paralellər var. Hər iki dövrdə dünyanın gələcəyinə təsir imkanına malik üç dövlətin rəhbərləri beynəlxalq təhlükəsizlik və qlobal siyasi nizam məsələlərini müzakirə etmək üçün bir araya gəliblər. Ancaq mühüm fərq də mövcuddur. 1940-cı illərdə ABŞ, Böyük Britaniya və SSRİ faşizmə qarşı müttəfiq idilər. Bugünkü üçlükdə isə ABŞ, Rusiya və Çin arasında həm əməkdaşlıq, həm də ciddi geosiyasi rəqabət mövcuddur. Noyabrın 19-da keçirilən görüşdən sonra üç ölkə “Sülhə doğru Bəyannamə” qəbul edib. Sənəddə BMT-də islahatlar, enerji təhlükəsizliyi, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası və nüvə risklərinin azaldılması məsələləri əksini tapıb. Liderlər nüvə müharibəsinin qalibinin olmayacağını və belə müharibənin heç vaxt aparılmamalı olduğunu vurğulayıblar. Bununla belə, görüşdə Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət kimi məsələlər müzakirə edilsə də, bu istiqamətlərdə konkret həll razılaşmaları əldə olunmayıb.
Beləliklə, 1943-1945-ci illərdə Tehran, Yalta və Potsdam konfranslarında olduğu kimi, bu gün də dünyanın aparıcı güclərinin bir masa arxasında əyləşməsi beynəlxalq münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır. Tarix göstərir ki, böyük dövlətlərin liderləri arasında keçirilən görüşlər bəzən bütöv bir dövrün siyasi mənzərəsini dəyişə bilir.
Amma maraqlıdır ki, Tramp, Putin və Si Cinpinin Şençjen görüşü də Yalta və Potsdam kimi gələcək dünya nizamına təsir göstərəcəkmi, yoxsa tarixdə daha çox simvolik hadisə kimi qalacaq?
Bəsti Rəfizadə






