Tramp Yaxın Şərqə dəstək göstərmək istəyir

ABŞ Prezidenti Donald Tramp administrasiyası Yaxın Şərq ölkələrində müharibə nəticəsində zərər görmüş enerji infrastrukturunun bərpasına dəstək məqsədilə yeni fond yaradılmasını təklif edib.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ və Yaxın Şərq rəsmilərinə, həmçinin qəzetin əldə etdiyi sənədlərə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 5 milyard dollar həcmində vəsait yatırmağı nəzərdən keçirir. Fondun əsas məqsədlərindən biri region ölkələrinə enerji obyektlərinin, o cümlədən neft və qaz infrastrukturlarının yenidən qurulmasında kömək göstərmək və onların neft-qaz nəqlində Hörmüz boğazından asılılığını azaltmaqdır. Qəzetin yazdığına görə, təklif regionda yeddi aydır davam edən münaqişənin qlobal enerji bazarlarına ciddi təsir göstərdiyini nəzərə alan ABŞ administrasiyasının yanaşmasını əks etdirir.
Münaqişə nəticəsində bir sıra regional boru kəmərləri və neft emalı obyektlərinə ziyan dəyib. “The Wall Street Journal” qeyd edir ki, zədələnmiş enerji infrastrukturunun bərpası böyük maliyyə vəsaiti tələb edə bilər. ABŞ-nin təklif etdiyi fondun isə bu prosesə ilkin kapital cəlb etmək və enerji təchizatının daha dayanıqlı hala gətirilməsinə şərait yaratmaq məqsədi daşıdığı bildirilir.
Firuzə Əliyeva






