Gənclərdə unutqanlığın təhlükəli səbəbləri – Həkimdən XƏBƏRDARLIQ
Unutqanlıq təkcə yaşlı insanlarda müşahidə edilmir. Son illər yaddaş zəifliyindən şikayət edən gənclərin də sayı diqqət çəkir.
Sfera.az bildirir ki, nevroloq Olqa Butenkonun sözlərinə görə, gənclərdə açarları hara qoyduğunu unutmaq, görüşləri xatırlamamaq və iş zamanı diqqəti cəmləyə bilməmək hər zaman nevroloji xəstəlik əlaməti deyil.
Həkim bildirib ki, bu cür hallar daha çox xroniki yuxusuzluq, stress, narahatlıq və həddindən artıq yorğunluqla əlaqəli ola bilər.
Lakin yaddaş pozğunluğunun qəfil başlaması ciddi narahatlıq doğurmalıdır. Nevroloqun sözlərinə görə, bunun səbəblərindən biri beyin qan dövranının kəskin pozulması, o cümlədən insult ola bilər.
Xüsusilə yaddaş problemləri qol və ya ayaqda zəiflik, nitq və görmə pozğunluğu, koordinasiya çətinliyi, yaxud qəfil və şiddətli baş ağrısı ilə müşayiət olunarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.
Mütəxəssis yaddaş pozğunluğunun digər mümkün səbəbləri sırasında epileptik tutmaları, beyin iltihabi xəstəliklərini, kəllə-beyin travmalarını və qanda şəkərin səviyyəsinin aşağı düşməsini də qeyd edib.
İnci
Sfera.az






