“iPhone Duo” alıcılarına pis xəbər

“Apple” şirkətinin ilk qatlana bilən smartfonu “iPhone Duo” istehsal mərhələsində yaranan problemlər səbəbindən tədarük məhdudiyyəti ilə üzləşib. Menteşə təchizatında yaşanan çətinliklər səbəbindən cihazın bazara gözləniləndən daha az sayda çıxarılacağı bildirilir.
Sfera.az xəbər verir ki, “iPhone Duo”nun ilkin sifarişlərinin oktyabrın 16-da, ilk çatdırılmaların isə oktyabrın 23-də başlaması planlaşdırılır.
Analitik Ceff Pu tərəfindən yayımlanan araşdırma hesabatına görə, tədarük məhdudiyyətinin əsas səbəbi tələbatın az olması deyil, menteşə təchizatında yaranan problemlərdir.
İstehsal prosesindəki ləngimə səbəbindən 2026-cı il üçün nəzərdə tutulan ümumi tədarük proqnozu 7 milyon ədəddən 6 milyon ədədə endirilib.
Müqayisə üçün qeyd edək ki, ilin sonuna qədər 72 milyon ədəd “iPhone 18 Pro” və “Pro Max” modelinin bazara çıxarılması gözlənilir. Bu isə “iPhone Duo”nun tədarük həcminin həmin modellərdən təxminən 12 dəfə az olacağını göstərir.
İndiyədək ən yüksək başlanğıc qiymətinə malik “Apple” modellərindən biri olacaq “iPhone Duo”nun 1 999 dollara satışa çıxarılması gözlənilir. Yeni qatlana bilən telefonu ilk günlərdə əldə etmək istəyən istifadəçilərin qarşılaşa biləcəyi əsas çətinlik isə məhdud tədarük olacaq.
Mənsumə






