Putin Paşinyanı Moskvaya çağırdı - Getsə, nə baş verəcək?

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı İrəvanın Avropa İttifaqı ilə inteqrasiya və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak arasında edəcəyi gələcək seçimi ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.
Putin qeyd edib ki, Ermənistanın xarici iqtisadi kursunun mümkün dəyişdirilməsi müzakirə olunarkən ölkənin Aİİ-də iştirakının üstünlükləri nəzərə alınmalıdır.
Onun sözlərinə görə, respublika bu birgə təşkilat çərçivəsində əhəmiyyətli güzəştlər əldə edir və burada söhbət təkcə enerji daşıyıcılarının qiymətlərindən getmir. Xatırladaq ki, Rusiya prezidenti bundan əvvəl də Ermənistanın Aİ ilə mümkün yaxınlaşmasını təmkinlə müzakirə etməyə hazır olduğunu bildirib, lakin iki birliyin qaydaları arasındakı fərqlərə və Ermənistan iqtisadiyyatı üçün yarana biləcək nəticələrə diqqət çəkib.
Bəs Paşinyan Moskvaya gedəcəkmi? Əgər Aİ-yə üzv olarsa, Ermənistanı nə gözləyir?
Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. O bildirib ki, Putin Ermənistanı Qərb yönümlü siyasət xəttindən imtina etməyə məcbur edir, amma bütün bu cəhdlərin heç bir mənası yoxdur:

“Paşinyan qətiyyətlə öz mövqeyində dayanıb və onun davranışı göstərir ki, Avropa İttifaqından imtina etmək fikri yoxdur. Ona görə də yəqin ki, Moskvaya dəvətdən də imtina etməyəcək. Moskvaya gedəcək, çünki Ermənistanın da Rusiyadan çəkindiyi məsələlər var. Birincisi, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Rusiya Ermənistana ucuz qaz verir. 2 milyard kubmetrdən artıq qaz 165 dollara satılır. Avropada isə bu qiymət təxminən 750-800 dollar səviyyəsindədir. Əgər Avropa qiymətləri tətbiq olunsa, Ermənistan büdcəsinin üzərinə əlavə olaraq hardasa 1 milyard dollardan artıq yük düşə bilər. Ermənistanda Rusiyada işləyən əmək miqrantları ötən il 3,5 milyard dollar pul göndəriblər. Əmək miqrantlarının sıxışdırılması və onların Ermənistana göndərilməsi çox ciddi problemlər yarada bilər. Paşinyan bu barədə də düşünmək məcburiyyətindədir”.
Ekspertin sözlərinə əsasən, Paşinyan Avropaya yaxınlaşsa da, ona etibar etməyəcəyini yaxşı bilir:
“Bütövlükdə mən hesab edirəm ki, Paşinyan Avropa İttifaqına yaxınlaşmaq və üzv olmaq xəttindən heç vaxt imtina etməyəcək. Əsas problem ondadır ki, Avropaya etibar etmək mümkün deyil. Və uzun müddət Ermənistanı Türkiyə kimi qapı ağzında saxlayarsa, təbii ki, bu, Ermənistan üçün ciddi problemlər yaradacaq. Eyni zamanda, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən xaric olunması məsələsi də yəqin ki, yaxın sammitdə qaldırılacaq və bu barədə qərar qəbul olunacaq. Bu da Ermənistana, təbii ki, problemlər yaradacaq, çünki Avrasiya İqtisadi Birliyindən ən çox gəlir götürən dövlətlərdən biri Ermənistandır. Ancaq bütün bunlara baxmayaraq, Paşinyan öz mövqeyində qəti dayanıb və mən hesab edirəm ki, Qərbə inteqrasiya xəttindən imtina etməyəcək”.
Bəsti Rəfizadə






