Gözünüz tez-tez seğirirsə, bu səbəblərdən biri ola bilər

Göz qapağında yaranan qeyri-iradi seğirmələr əksər hallarda stress, yuxusuzluq, həddindən artıq kofein qəbulu, uzun müddət telefon və kompüter ekranına baxmaq, həmçinin göz quruluğu ilə əlaqəli olur. Lakin seğirmə uzun müddət davam edir və tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmaq olmaz.
Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, stress, yorğunluq və kifayət qədər su qəbul etməmək göz seğirməsini daha da artıra bilər. Kifayət qədər dincəlmək, su qəbulunu artırmaq və zəruri hallarda həkim məsləhəti ilə göz damcılarından istifadə etmək şikayətlərin azalmasına kömək edə bilər.
Hər göz seğirməsi ciddi xəstəlik əlaməti deyil. Ancaq uzun müddət keçməyən, təkrarlanan və gündəlik həyata təsir edən seğirmələr zamanı göz həkiminə müraciət etmək vacibdir. Həkim müayinəsindən sonra zərurət yaranarsa xəstə nevroloqa yönləndirilə bilər.
Uşaqlarda da göz seğirməsinə rast gəlinir. Məktəb stresi, dərs yükü və uzun ekran müddəti əsas səbəblər arasında göstərilir. Böyüklərdə isə telefon, planşet və kompüter istifadəsinə bağlı göz quruluğu daha çox ön plana çıxır.
Mütəxəssislər şikayət olmasa belə müntəzəm göz müayinəsindən keçməyi tövsiyə edirlər. Belə müayinələr qlaukoma və diabetin gözlərdə yaratdığı dəyişikliklər kimi bəzi xəstəliklərin erkən aşkarlanmasına və görmə itkisinin qarşısının alınmasına kömək edə bilər.
Mənsumə






