Hitlerin “Qartal yuvası” niyə yenidən tikilir? - Rəsmilərdən qərar
Almaniyanın Bavariya bölgəsində Adolf Hitlerin keçmiş çay evi böyük yanğından sonra bərpa ediləcək. Bavariyanın daxili işlər naziri Yoahim Herrmann bu barədə DPA agentliyinə açıqlama verib.
Sfera.az bildirir ki, məlumatı “Sueddeutsche” qəzeti yayıb.
Rəsmilərin sözlərinə görə, binanın tarixi əhəmiyyəti onun bərpasını zəruri edir. Hər il on minlərlə insan bu tarixi məkanı ziyarət edir. Herrmann bildirib ki, hakimiyyət ərazidə xarabalıqların qalmasına imkan verməyəcək.
“Qartal yuvası” (“Kehlsteinhaus”) adlanan tikili baş verən yanğın nəticəsində demək olar ki, tamamilə məhv olub. Dəyən ziyanın dəqiq miqyası hələ müəyyənləşdirilməyib.
“Qartal yuvası” Bavariya Alplarında yerləşən kiçik çay evidir. Martin Bormann bu binanı Adolf Hitlerə onun 50 illik yubileyi münasibətilə Nasional-Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) hədiyyəsi kimi təqdim edib. Tikili Hitlerin əsas iqamətgahı olan Berqhofun yaxınlığında inşa edilib. 1952-ci ildən bina dağ restoranı kimi fəaliyyət göstərir və tarixi abidə statusuna malikdir.
Yanğın oktyabrın 23-də gecə saatlarında baş verib. Binanın 1834 metr yüksəklikdə yerləşən Kelştayn dağının zirvəsində olması yanğının söndürülməsini çətinləşdirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
Yanğının qəsdən törədilməsi ehtimalı da nəzərdən keçirilir. Məlumata görə, yanğın yerinə gələn polis əməkdaşlarının qarşısına çıxan motosikletçi şübhəli şəxs kimi saxlanılıb. Bildirilir ki, Bavariya əsilli həmin şəxs hazırda dindirilir.
Fatimə
Sfera.az






