Qanın içində "ov edən" robot hazırlandı: Xərçəng hüceyrələrini tapacaq

Qanın içində "ov edən" robot hazırlandı: Xərçəng hüceyrələrini tapacaq
Kateqoriya məlum deyil
T

Alimlər qan axınının istiqamətini dəyişdirə, dərmanların damar divarlarına daha dəqiq çatdırılmasına kömək edə və qan dövranında olan nadir xərçəng hüceyrələrini toplaya bilən kiçik yumşaq robot hazırlayıblar.

Sfera.az xəbər verir ki, “CiliaVine” adlanan mikrorobot Çində Şenzen Süni İntellekt və Robototexnika İnstitutu, Honq Konq Çin Universiteti və Çin Xalq Azadlıq Ordusunun Baş Hospitalının alimləri tərəfindən hazırlanıb.

Robot tibbi istiqamətləndirici naqilə bərkidilir və maqnit sahələrinin köməyi ilə üzərindəki kirpikvari elastik strukturların (“cilia”) müxtəlif istiqamətlərdə hərəkət etməsi təmin olunur.

Tədqiqatçılar robotun qan axınını lokal şəkildə dəyişdirə bildiyini müəyyən ediblər. Beləliklə, qan damarlarında hərəkət edən dərman və digər hissəcikləri damar divarına doğru yönəltmək, əks istiqamətə çəkmək və ya mayeni qarışdıran kiçik burulğanlar yaratmaq mümkün olub.

Laboratoriya sınaqlarında mikrorobot model dərmanın damar divarına çatdırılmasını əhəmiyyətli dərəcədə artırıb. Dərmanın damar divarına çatan ümumi miqdarı təbii yayılma ilə müqayisədə 146 faiz çox, damar divarından 1 millimetr kənara çatan miqdarı isə 75 faiz çox olub.

Robotun qan laxtalarının əridilməsində də potensialı sınaqdan keçirilib. Qan laxtasını əridən tPA preparatı ilə aparılan təcrübədə robot işlədildikdə laxtalar təxminən 40 dəqiqəyə, robot olmadan isə orta hesabla 70 dəqiqəyə əriməsi müşahidə edilib.

Mikrorobotun xərçəngin monitorinqində istifadəsi də araşdırılıb. Robotun səthi xüsusi anticisimlərlə örtülərək qaraciyər xərçəngi xəstələrinin qan nümunələrində dövr edən şiş hüceyrələrinin tutulmasına çalışılıb. Test edilən 23 xəstənin hamısının qan nümunəsindən nadir xərçəng hüceyrələrinin toplanması mümkün olub.

Tədqiqatçılar daha sonra texnologiyanı qaraciyərində şiş olan dovşanlar üzərində də sınaqdan keçiriblər. Robot kateter vasitəsilə əsas venalardan birinə yerləşdirilib və 20 dəqiqə maqnit sahəsi ilə idarə olunub. Araşdırılan damar hissələrində iltihab və ya toxuma zədələnməsinə dair əlamət qeydə alınmayıb.

Bununla belə, texnologiya hələ insanlarda müalicə və ya diaqnostika vasitəsi kimi sınaqdan keçirilməyib. Alimlər hesab edirlər ki, gələcəkdə bu üsul dərmanların və xərçəng hüceyrələrinin qan dövranının təsadüfi istiqamətinə deyil, birbaşa orqanizmin müəyyən hissələrinə yönəldilməsinə imkan verə bilər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR