Hörmüzdə neft daşımaları tam dayanmayıb: Gündə 2-6 milyon barel keçir

Hörmüz boğazında tanker daşımalarının tamamilə dayanmadığı bildirilir.
ABŞ ötən cümə axşamı ilə şənbə günləri arasında 74 gəminin boğazdan keçidini asanlaşdırdığını açıqlayıb. Lakin tanker izləmə şirkətlərinin məlumatlarına görə, boğazdan keçən neft və neft məhsullarının həcmi rəsmi rəqəmlərdən xeyli aşağıdır və gündə 2-6 milyon barel arasında dəyişir.
Sfera.az xəbər verir ki, ABŞ administrasiyası boğazdan keçən tankerlərin ABŞ Hərbi Dəniz Qüvvələrinin təmin etdiyi təhlükəsizlik çərçivəsində hərəkət etdiyini açıqlayıb. Gəmilərin Oman tərəfdə qorunan marşrutla hərəkət etdiyi bildirilib. Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu da ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatlarına əsasən, ötən cümə axşamı ilə şənbə arasında Hörmüz boğazından 74 gəminin keçidinin asanlaşdırıldığını açıqlayıb.
Bu, üç gün ərzində boğazdan gündə orta hesabla 25 gəminin keçdiyini göstərir. Bölgə ölkələri neft ixracı üçün yalnız Hörmüz boğazından istifadə etmir. “Wall Street Journal”ın məlumatına görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri səhradan keçən boru kəmərləri vasitəsilə Oman körfəzi və Qırmızı dənizə gündə milyonlarla barel neft nəql edir. Alternativ marşrutlar Hörmüz boğazında mümkün fasilələrin qlobal neft təchizatına təsirini müəyyən qədər azaldan əsas amillərdən biri hesab olunur.
Bəzi tankerlərin isə İranla əldə olunan ayrı-ayrı razılaşmalar çərçivəsində Hörmüz boğazından keçməyə davam etdiyi bildirilir. “Wall Street Journal”ın yazdığına görə, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri bu razılaşmalar çərçivəsində bəzi tankerlərin boğazdan keçdiyini təsdiqləyiblər. Bazarlar isə hələlik mövcud neft təchizatındakı dəyişiklikləri qarşılaya bilir. “Brent” markalı neftin fyuçers qiyməti bir barel üçün təxminən 90 dollara yüksəlib. Lakin qiymətlərin müharibə dövründə qeydə alınan rekord səviyyələrdən aşağı qalması indiyədək ciddi qlobal neft təchizatı böhranının yaranmadığını göstərir. Bununla belə, tanker izləmə şirkətlərinin məlumatları daha fərqli mənzərə ortaya qoyur.
Ticarət izləmə şirkətləri Hörmüz boğazından keçən xam neft və neft məhsullarının həcminin ABŞ administrasiyasının açıqladığı rəqəmlərdən əhəmiyyətli dərəcədə aşağı olduğunu hesablayıb. Bu hesablamalara görə, boğazdan gündə təxminən 2-6 milyon barel neft və neft məhsulu keçir.
İradə Elsevər






