Ölüm Vadisi 68 yaşlı turistin sonunu gətirdi

Ölüm Vadisi 68 yaşlı turistin sonunu gətirdi
Kateqoriya məlum deyil
T

ABŞ-nin Kaliforniya ştatında yerləşən Ölüm Vadisi Milli Parkında 68 yaşlı fransalı turist 46,6 dərəcə Selsi temperaturda avtomobili palçığa batdıqdan sonra həyatını itirib.

Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, 68 yaşlı Pyer Mişel Formosa Ölüm Vadisində avtomobili ilə hərəkət edərkən yolda çətin vəziyyətə düşüb. Milli Park Xidmətinin açıqlamasında bildirilib ki, avtomobil palçığa batdıqdan sonra Formosa və onun fransalı səyahət yoldaşı kömək axtarmaq üçün ərazidə piyada hərəkət etməyə başlayıblar.

İkili duz düzənliyi ərazisində təxminən 2 kilometr məsafə qət edib. Lakin yüksək temperatur səbəbindən Formosa yoluna davam edə bilməyib. Onun səyahət yoldaşı isə yaxınlıqdan keçən avtomobili saxlayaraq kömək istəyib. Hadisə ilə bağlı məlumatlandırılan mühafizəçilər və polis əməkdaşları həmin gün günortadan sonra Formosanı ərazidə hərəkətsiz vəziyyətdə tapıblar. Onun həyatını itirdiyi müəyyən edilib.

Ölüm Vadisi Milli Parkının rəhbəri Mayk Reynolds hadisəni faciəvi hadisə kimi qiymətləndirib. O bildirib ki, bölgədə şəraitin nə qədər sürətlə təhlükəli vəziyyətə çevrilə biləcəyi bir daha özünü göstərib:

“Ölüm Vadisi qeyri-adi məkandır. Lakin yüksək temperatur, böyük məsafələr və ərazinin təcrid olunmuş mövqeyi hətta ən təcrübəli insanlar üçün belə təhlükə yarada bilər”.

Milli Park Xidməti 68 yaşlı turistin dəqiq ölüm səbəbinin və ölüm şəraitinin məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən ediləcəyini açıqlayıb. Ölüm Vadisi Milli Parkının rəsmi internet saytında dünyanın ən isti yerlərindən biri kimi təqdim edilən bölgədə hazırda həddindən artıq isti hava ilə bağlı xəbərdarlıq qüvvədədir. Bu yay isə Ölüm Vadisində tarixinin ən isti yaylarından biri yaşanır.

ABŞ-də temperaturun yüksəlməsi fonunda son dövrdə həddindən artıq isti hava ilə əlaqəli ölüm hallarının sayı da artıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR