Gənc ailələr ev almaq üçün nə etsin? – İpoteka, yoxsa kirayə?

Mənzil almaq istəyən gənc ailələr üçün kirayədə qalmaq, yoxsa ipotekaya müraciət etmək məsələsi aktualdır.
2026-cı ildə mövcud qiymətlər və gəlirlər nəzərə alınmaqla gənc ailə üçün hansı variant daha sərfəlidir?
Əmlak eksperti Elnur Azadov Sfera.az- açıqlamasında bildirib ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması bir sıra mexanizmlər tətbiq olunur.

Onun sözlərinə görə, bu mexanizmlərə ipoteka kreditləri, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri və son illərdə tətbiq olunan “satmaq öhdəliyi ilə kirayə” modeli daxildir.
Ekspertin fikrincə, əsas mexanizmlərdən biri 2006-cı ildən tətbiq olunan ipoteka proqramıdır. Bundan əlavə, MİDA tərəfindən müxtəlif layihələr həyata keçirilir və müəyyən kateqoriyalara aid vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə imkan yaradılır. Digər mexanizmlərdən biri isə İpoteka və Kredit Zəmanət Fondunun tətbiq etdiyi “satmaq öhdəliyi ilə kirayə” modelidir.
Elnur Azadov deyib ki, bu mexanizm çərçivəsində vətəndaş Fond tərəfindən təqdim olunan mənzillərdən birini seçərək müəyyən edilmiş aylıq ödənişlər əsasında həmin mənzildə yaşayır. Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişlər başa çatdıqdan sonra mənzil vətəndaşın mülkiyyətinə keçir.
Bəs hansı mexanizm daha sərfəlidir?
Ekspert hesab edir ki, hazırkı şəraitdə mənzil əldə etmək üçün hansı mexanizmin daha uyğun olması hər bir vətəndaşın fərdi maliyyə imkanlarından asılıdır:
“Əgər vətəndaşın müəyyən kapitalı varsa, həmin vəsaitdən istifadə etməsi və zərurət yarandıqda yaxın ailə üzvlərindən borc alması daha məqsədəuyğun ola bilər. Mənzil almaq istəyən vətəndaş özünün və ailəsinin gəlirlərini, mövcud yığım kapitalını, əlavə gəlir imkanlarını, ailə üzvlərinin maddi təminatını, iş yerinin və gəlirlərinin gələcək perspektivlərini qiymətləndirməlidir”.
Müsahibimizin sözlərinə görə, mənzil əldə etmək hər bir ailə üçün fərqli maliyyə yükü yaradır. Buna görə də bütün vətəndaşlar üçün eyni mexanizmin daha sərfəli olduğunu söyləmək mümkün deyil. Bir ailə üçün ilkin ödəniş və ipoteka krediti daha münasib olduğu halda, başqa ailə üçün uzunmüddətli kirayə ödənişləri vasitəsilə mənzilə sahib olmaq daha uyğun seçim ola bilər:
“Son 5-6 il ərzində vətəndaşların yığım kapitalında azalma müşahidə olunur. Eyni zamanda daşınmaz əmlakın qiymətlərinin artması mənzil almaq üçün tələb olunan vəsaitin həcmini də artırıb. Bir tərəfdən mənzillərin bahalaşması, digər tərəfdən vətəndaşların yığım imkanlarının azalması mənzilə çıxışı daha da çətinləşdirib”.
E.Azadov hesab edir ki, yığım imkanlarının məhdudlaşması və mənzil qiymətlərinin yüksək olması səbəbindən vətəndaşlar böyük məbləğ tələb edən alışları yalnız şəxsi vəsait hesabına həyata keçirməkdə çətinlik çəkirlər. Bu isə onları müxtəlif kredit və maliyyələşdirmə mexanizmlərindən istifadə etməyə daha çox yönəldir.
“Hazırkı şəraitdə mənzil almaq istəyən vətəndaş üçün əsas məsələ yalnız evin qiymətini ödəmək deyil, həm də uzunmüddətli maliyyə yükünü əvvəlcədən hesablamaqdır. Bu zaman ailənin aylıq gəliri, mövcud borcları, ilkin vəsaiti, gələcək gəlir imkanları və aylıq ödənişlərin həcmi birlikdə qiymətləndirilməlidir. Daşınmaz əmlak bazarında qiymətlərin artdığı və yığım imkanlarının məhdudlaşdığı bir şəraitdə dövlət tərəfindən təqdim olunan mənzil proqramları və maliyyələşdirmə mexanizmləri vətəndaşların mənzilə çıxışında mühüm rol oynamağa davam edir”.
Ekspert sonda vurğulayıb ki, hansı mexanizmdən istifadə edilməsinin ailənin gəlirlərinə, yığım imkanlarına və uzunmüddətli maliyyə vəziyyətinə uyğun şəkildə müəyyənləşdirilməsi vacibdir.
İradə Elsevər
Sfera.az






