Orta Asiya ilə ticarəti canlandırmağın 4 əsas yolu - AÇIQLAMA

Orta Asiya ilə ticarəti canlandırmağın 4 əsas yolu - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələri son illərdə artsa da, rəqəmlər hələ də Rusiya və Çinlə müqayisədə aşağıdır. 2025-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi təxminən 4,9 milyard dollar, Azərbaycan-Çin ticarəti 4,8 milyard dollar olduğu halda, Özbəkistanla 783 milyon, Qazaxıstanla isə 685 milyon dollar təşkil edib. Bu rəqəmlər Azərbaycanın Mərkəzi Asiya bazarındakı potensialının hələ tam reallaşmadığını göstərir.

Bunun səbəbi nədir və bunu dəyişmək üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.

O bildirib ki, Orta Asiya ilə Azərbaycanın coğrafi baxımdan yaxın olması ticarətin avtomatik olaraq yüksək olacağı anlamına gəlmir:

“Əsas problem Xəzər dənizinin iki tərəfində yerləşən ölkələr arasında fiziki bağlantının hələ tam olaraq digər istiqamətlər qədər sürətli və ucuz olmamasıdır. Çinlə ticarətdə böyük istehsal həcmi və geniş çeşidli məhsullar, Rusiya ilə isə uzun illər ərzində formalaşmış logistika, dəmir yolu və ticarət əlaqələri Azərbaycanla Orta Asiya arasındakı ticarəti üstələyir. Yəni burada məsafədən çox logistikanın qiyməti, marşrutların rahatlığı, bazarların ölçüsü və biznes əlaqələrinin dərinliyi rol oynayır. Xəzər üzərindən daşımaların inkişafı bu baxımdan əsas məsələlərdən biridir. Limanların, bərə və tanker donanmasının imkanları artırılmalı, yüklərin Xəzərin hər iki sahilində gözləmə müddəti minimuma endirilməlidir. Əgər Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan Azərbaycana, oradan isə Türkiyə və Avropaya yükün daşınması daha sürətli və rəqabətli olarsa, biznes üçün bu marşruta maraq da artacaq”.

Ekspert bildirib ki, yalnız tranzitə diqqət yetirmək kifayət deyil və Azərbaycan Orta Asiya ölkələrinə daha çox hazır məhsul, ərzaq, kimya, neft-kimya, tikinti materialları, maşın və avadanlıq, xidmətlər və texnologiyalar ixrac etməlidir:

“Orta Asiyadan isə Azərbaycana kənd təsərrüfatı məhsulları, sənaye xammalı, metal, enerji resursları və digər məhsulların gətirilməsi genişləndirilə bilər. Qarşılıqlı ticarətin çeşidi artdıqca əlaqələr daha dayanıqlı olacaq.

Digər mühüm istiqamət birgə müəssisələrin yaradılmasıdır. Azərbaycan şirkətlərinin Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrində istehsal və logistika layihələrinə sərmayə qoyması, həmin ölkələrin şirkətlərinin də Azərbaycanda fəaliyyət göstərməsi ticarətin həcmini əhəmiyyətli dərəcədə artıra bilər. Xüsusilə kənd təsərrüfatı, tekstil, qida sənayesi, kimya, enerji, logistika və rəqəmsal xidmətlərdə böyük potensial var.

Ticarətin qarşısındakı inzibati maneələr də azaldılmalıdır. Gömrük prosedurlarının sadələşdirilməsi, elektron sənədlərin qarşılıqlı tanınması, sərhəddə "vahid pəncərə" mexanizmlərinin genişləndirilməsi və yük maşınları ilə dəmir yolu daşımaları üçün daha əlverişli tariflərin tətbiqi biznesin xərclərini aşağı sala bilər. Eyni zamanda Azərbaycan və Orta Asiya ölkələri arasında birbaşa bank ödənişlərinin, milli valyutalarla hesablaşmaların və ixrac kreditlərinin genişləndirilməsi də ticarətə müsbət təsir göstərə bilər. Əslində Azərbaycanın burada böyük üstünlüyü var. Ölkəmiz Orta Asiya ilə Türkiyə və Avropa arasında təbii bağlantı rolunu oynayır. Əgər Orta Dəhliz yalnız Çindən Avropaya yük aparan tranzit xətti kimi deyil, Azərbaycanla Mərkəzi Asiya arasında qarşılıqlı ticarət və istehsal zəncirinin formalaşdığı iqtisadi platforma kimi inkişaf etdirilərsə, vəziyyət ciddi şəkildə dəyişə bilər.

Bunun üçün ən vacib məsələ dövlətlərarası razılaşmaların real biznes layihələrinə çevrilməsidir. Yəni sadəcə yüksək səviyyəli görüşlər və sənədlər deyil, konkret investisiya layihələri, uzunmüddətli yük müqavilələri, birgə müəssisələr və biznes üçün rəqabətli logistika şərtləri yaradılmalıdır. O zaman coğrafi yaxınlıq nəhayət real iqtisadi üstünlüyə çevrilə və Azərbaycanla Orta Asiya arasında ticarət dövriyyəsi indiki səviyyədən əhəmiyyətli dərəcədə yüksələ bilər”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR