Haitidə qanlı basqın: 47 nəfər öldürüldü

Karib dənizində yerləşən ada ölkəsi Haitidə cinayətkar qrupun üzvlərinin bazar günü axşam saatlarında bazara basqın etdiyi bildirilib.
Hücum nəticəsində azı 47 nəfər həyatını itirib, 22-dən çox insan yaralanıb.
Sfera.az xəbər verir ki, hadisə Haitinin paytaxtı Port-o-Prensdəki Kenscoff yaşayış məntəqəsində baş verib.
Kenscoff bələdiyyəsi meri Jan Massillonun sözlərinə görə, çətə üzvləri ərazidə evləri yandırıb və bəzi sakinləri öldürüb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) hücum nəticəsində ən azı 47 nəfərin öldüyünü, 22-dən çox şəxsin isə yaralandığını açıqlayıb.
Haitinin Baş naziri Aliks Didye Fils-Aimenin ofisindən yayılan açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib və bölgəyə əlavə qüvvələr göndərilib.
Açıqlamada, “Kenscoff tərk edilməyəcək. Haiti quldurların əlinə verilməyəcək” ifadəsi işlədilib.
BMT-nin məlumatına görə, 2025-ci ilin əvvəlindən etibarən çətə hücumları nəticəsində 260-dan çox insan həyatını itirib, 200 ev dağıdılıb və ya yandırılıb, 3 minə yaxın sakin isə yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
Həmin dövrdən sonra bölgədə daha azı 10 çətə hücumu həyata keçirilib.
Paytaxt Port-o-Prens və ətraf ərazilər son illərdə getdikcə daha çox cinayətkar qrupların nəzarəti altına keçib. Beynəlxalq ictimaiyyətin Haiti polisi qüvvələrinə dəstək vermək cəhdləri isə zorakı çətələri nəzarət altına almaqda yetərli nəticə verməyib.
BMT-nin məlumatına görə, təxminən 11 milyon əhalisi olan Haitidə hazırda 1,5 milyona yaxın insan ölkə daxilində didərgin vəziyyətə düşüb. Bundan əlavə, 5 milyondan çox insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.
Qeyd edək ki, Amerika qitəsinin ən yoxsul ölkələrindən biri olan Haitidə uzun illərdir siyasi qeyri-sabitlik, korrupsiya, təbii fəlakətlər və çətə zorakılığı hökm sürür.
İradə Elsevər
Sfera.az






