İsraildən İsveç deputatlarına QADAĞA

İsrail Qəzza zolağında soyqırım törədildiyini və fələstinlilərin qəsdən aclığa məruz qoyulduğunu bildirən Avropa Parlamentinin (AP) İsveçdən olan iki deputatı Jonas Sjöstedt və Hanna Gedin-in ölkəyə girişinə qadağa qoyulub.
Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına görə, xarici işlər naziri Gideon Saar Əhali və Miqrasiya İdarəsindən Sjöstedt və Gedin-in ölkəyə girişlərinin qarşısının alınmasını istəyib.
Nazirliyin açıqlamasında bildirilib ki, İsveç Sol Partiyasını təmsil edən iki AP deputatı İsrailə qarşı fəaliyyətlərdə iştirak edib.
Gideon Saar deputatları İsrailin Qəzza zolağında soyqırım törətdiyini, fələstinliləri qəsdən aclığa sürüklədiyini, uşaqları və tibb işçilərini bilərəkdən hədəf aldığını bildirdiklərinə görə tənqid edib.
Giriş qadağasından sonra Sjöstedt və Gedin işğal altındakı Qərb Sahilinə planlaşdırdıqları səfəri ləğv ediblər.
İsrail daha əvvəl də ölkəni boykot hərəkatına dəstək verən və İsrail hökumətinin siyasətini tənqid edən bir sıra xarici parlament üzvlərinin ölkəyə girişinə qadağa qoyub.
Onların arasında Avropa Parlamentinin Fələstin üzrə nümayəndə heyətinin rəhbəri Lynn Boylan, AP deputatı Rima Hassan, Böyük Britaniya parlamentinin üzvləri Apsana Begum, eləcə də ABŞ Konqresinin nümayəndələri Rashida Tlaib və Ilhan Omar da olub.
İradə Elsevər
Sfera.az






