Paşinyanın yeni Moskva kartı: biznesmenin yerinə Çin təcrübəsi...

Paşinyanın yeni Moskva kartı: biznesmenin yerinə Çin təcrübəsi...
Kateqoriya məlum deyil
T

Moskvada Ermənistanın səfirliyinin qapıları hələ bağlanmayıb, amma İrəvanda artıq həmin qapıdan kimin keçəcəyi barədə pıçıltılar başlayıb.

Adı ən çox çəkilən şəxs isə diplomatik koridorlarda çoxdan tanınan, lakin geniş ictimaiyyət üçün o qədər də məşhur olmayan Mnatsakan Safaryandır.

Ermənistanın “Past” qəzeti onu Rusiyadakı səfir postuna ən real namizəd kimi göstərib. Qəzetin məlumatına görə, namizədlər bir neçə nəfərdir, amma tərəzinin gözü Safaryanın üzərinə daha çox əyilir.

Bəs bu adam kimdir? - Paşinyan Rusiyada Çin təcrübəsini istəyir...

Safaryanın hekayəsi birbaşa Moskva ilə başlamır. Əksinə, onun diplomatik yolu Şərqdən keçir. 1974-cü ildə İrəvanda doğulan Safaryan ingilis dili və politologiya üzrə təhsil alıb, Pekin Dil və Mədəniyyət Universitetində Çin dilini öyrənib, daha sonra Nyu-Dehlidə diplomatlar üçün peşəkar kurs keçib. Almaniya, ABŞ təhsili öz yerində amma onun diplomatik yolunun mühüm hissəsi Çində keçib. 1998-2001-ci illərdə Ermənistanın Çindəki səfirliyində çalışıb, sonradan yenidən bu ölkəyə qayıdaraq birinci katib və konsul vəzifələrində işləyib. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutub, Şimal-Şərqi Asiya şöbəsinə və Asiya-Sakit okean departamentinə rəhbərlik edib. 2022-ci ilin yanvarında isə Nikol Paşinyanın qərarı ilə xarici işlər nazirinin müavini təyin olunub.

Yəni Safaryan klassik mənada “Moskva adamı” deyil. Onun diplomatik xəritəsində Pekin, Brüssel, Vaşinqton, Nyu-Dehli və digər paytaxtlar da var. Məhz bu məqam onun mümkün Moskva missiyasını daha "maraqlı" edir.

Çünki son illərdə Ermənistanın xarici siyasəti bir istiqamətdə getmir. İrəvan bir tərəfdən Avropa və ABŞ-lə münasibətləri genişləndirir, digər tərəfdən Rusiya ilə körpüləri tam yandırmaq istəmədiyini dəfələrlə nümayiş etdirir. Safaryanın özü də 2026-cı ilin iyulunda Ermənistanın Rusiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və yaxın gələcəkdə təmasların planlaşdırıldığını bildirib.

Üstəlik, Safaryan artıq Moskvanın diplomatik havasına yad deyil. 2026-cı ilin aprelində Ermənistanın MDB Xarici İşlər Nazirləri Şurasının Moskva toplantısında nümayəndəsi məhz o olub.

Belə baxanda onun səfirliyə gətirilməsi təsadüfi seçim kimi görünmür.

Moskvada onu nə gözləyir?

Əsl hekayə də elə bundan sonra başlayır. Ermənistan-Rusiya münasibətləri son illərdə əvvəlki sakitliyini itirib. İrəvan KTMT-dən uzaqlaşıb, Avropa İttifaqı və ABŞ-lə əlaqələrini genişləndirib, Moskva isə Ermənistanın bu siyasətindən narazılığını açıq şəkildə ifadə edib.

Safaryanın qarşısında isə diplomatik baxımdan çətin bir vəzifə dayanacaq: Ermənistanın yeni xarici siyasət xəttini Moskvaya izah etmək, eyni zamanda Rusiya ilə münasibətlərin tamamilə qopmasına imkan verməmək.

Bu, sadəcə səfirlik kreslosu deyil. Bu, iki fərqli istiqamətin arasında qurulan nazik körpüdür. Safaryanın üstünlüyü də məhz burada ortaya çıxa bilər. O, uzun illər diplomatik xidmət keçmiş peşəkar diplomatdır, rus dilini bilir və artıq yüksək diplomatik rütbəyə – fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Qurgenin "böyük günahı" nə idi bəs?

Bu suala cavab vermək üçün Qurgen Arsenyanın Moskvadakı fəaliyyətinə baxmaq kifayətdir. Arsenyan Moskvaya klassik diplomat obrazında gəlməmişdi. O, daha çox siyasətçi və biznesmen kimi tanınıb. Yəni iqtisadçı təhsili alıb, uzun illər bizneslə məşğul olub. Düzdür, müxtəlif dövrlərdə Ermənistan parlamentində deputat olub və partiya rəhbəri kimi fəaliyyət göstərib. Hətta 2021-2024-cü illərdə isə Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” fraksiyasından parlamentdə təmsil olunub.

Lakin KİV zaman-zaman onun bir sıra şirkətlərdə paylarının olduğunu və Rusiyada da biznes fəaliyyəti ilə əlaqələrinin mövcudluğunu yazıb və siyasətçi əsasən bununla yadda qalıb.

2024-cü ilin avqustunda Arsenyan Rusiyaya səfir təyin ediləndə bildirmişdi ki, Putinlə, daha açıq desək, rəsmi Moskvayla münasibətləri yumşaltmaq niyyətindədir.

Lakin siyasət biznes deyil...

Diplomatiyada bir səfirin niyyəti ilə iki dövlətin münasibətlərinin istiqaməti eyni şey olmur. 2026-cı ilin mayında Rusiya Xarici İşlər Nazirliyi Arsenyanı Moskvaya çağırıb "qulaq burması" verdi. Rəsmi formada desək, Rusiya tərəfi Ermənistan ərazisində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etdiyi tədbirlərlə bağlı narazılığını ona çatdırdı. Arsenyan isə Moskvanın iradlarını İrəvana çatdıracağını bildirdi. Lakin görünən odur ki, Paşinyan çatıdırılma xidmətindən razı qalmayıb.

İndi isə səhnədə Safaryan...

Arsenyanın siyasi və biznes keçmişindən sonra Safaryan daha fərqli fiqurdur. Birinin arxasında parlament, biznes və daxili siyasət təcrübəsi dayanırsa, digərinin arxasında diplomatik karyera, xarici siyasət, Çin, Asiya və beynəlxalq münasibətlər təcrübəsi var.

Üstəlik, Safaryan artıq Ermənistan-Rusiya münasibətlərinin gündəmini bilən adamlardandır. 2023-cü ildə Ermənistan-Rusiya media forumunun iştirakçıları ilə görüşündə də məhz iki ölkə arasındakı münasibətlərin gündəmini müzakirə etmişdi. Bu baxımdan onun Moskvaya göndərilməsi Ermənistan üçün bir növ “peşəkar diplomat kartı” sayıla bilər.

Amma burada bir sual var: Safaryanın Rusiyada səfir olması Ermənistan-Rusiya münasibətlərini həqiqətən dəyişəcəkmi?

Bunu indidən demək çətindir. Çünki problem artıq yalnız səfirin kimliyində deyil. Moskva ilə İrəvan arasında təhlükəsizlik, KTMT, Qərblə yaxınlaşma, regional kommunikasiyalar və Cənubi Qafqazdakı geosiyasi dəyişikliklər kimi daha böyük məsələlər var. Safaryan bu problemləri təkbaşına həll edə bilməz. Ümumiyyətlə, bu, tək səfirin işi deyil.

Amma danışığın tonunu dəyişə bilər – onu da bacarsa...

Bəzən diplomatiyada böyük dəyişikliklər bir müqavilə ilə yox, bir telefon zəngi, bir qapının açılması və bir masa arxasında yenidən danışmağa başlamaqla başlayır. Safaryanın Moskvaya mümkün gəlişi də məhz belə bir sınaq olacaq. Əgər o, İrəvanın Qərbə doğru hərəkətini Moskvaya qəbul etdirə, eyni zamanda Ermənistan üçün Rusiya ilə iqtisadi və siyasi əlaqələrin tamamilə qırılmasının qarşısını ala bilsə, bu təyinat özünü doğrulda bilər.

Əks halda isə Moskva səfirliyində sadəcə bir diplomat dəyişəcək, münasibətlərin taleyi isə yenə Putin-Paşinyan ikilisinin qərarlarından asılı qalacaq.

Hələlik bir şey aydındır: Safaryanın qarşısında adi səfirlik işi yoxdur. Onun Moskvaya gedəcəyi təqdirdə əsas missiyası məktublar yazmaqdan çox, iki tərəfin bir-birini yenidən eşitməsinə nail olmaq olacaq...

Əzizə Zeynal
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR