Bu içkilər mədə xərçəngi riskini artırır – Araşdırma

Şəkərli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olmasına baxmayaraq, onların gündəlik istehlakı kifayət qədər yüksəkdir. ABŞ-də aparılan yeni bir araşdırmaya əsasən, bu vərdişin mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra biləcəyi müzakirə olunur.
Sfera.az xəbər verir ki, ABŞ-də Massaçusets Baş Xəstəxanasının qastroenteroloqu və tədqiqatın baş müəllifi Endryu T. Çanın rəhbərlik etdiyi araşdırmada şəkərli içkilərin istehlakı ilə mədə xərçəngi arasında əlaqə müəyyən edilib.
Mütəxəssisin sözlərinə görə, bu araşdırma şəkərli içki istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni araşdıran mühüm tədqiqatlardan biridir. Mədə xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəblərindən biri olsa da, qidalanmanın bu xəstəliyin yaranmasına təsiri barədə məlumatlar məhduddur.
Digər risk faktorları nəzərə alındıqdan sonra məlum olub ki, gündə təxminən 237 millilitr şəkərli içki qəbul edən şəxslərdə mədə xərçəngi riski iki dəfədən çox yüksək olub. Bu artım kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.
Araşdırmada süni dadlandırıcılarla hazırlanmış içkilərlə mədə xərçəngi arasında isə əhəmiyyətli əlaqə müəyyən edilməyib.
Mütəxəssislər bildirirlər ki, araşdırma müşahidə xarakterli olduğundan şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmir. Nəticələr yalnız bu iki amil arasında güclü əlaqənin olduğunu göstərir.
Tədqiqatçılar şəkərli içkilərin mümkün təsir mexanizmləri arasında artıq çəki, insulin müqaviməti, hormonal dəyişikliklər, iltihab, DNT zədələnməsi və bağırsaq mikrobiotasında pozuntuların ola biləcəyini düşünürlər.
İradə Elsevər






