Süni intellektə güvəndi, 10 hektarlıq məhsulundan oldu

Çində 67 yaşlı fermer tarlasındakı zərərvericilər və alaq otları ilə mübarizə aparmaq üçün süni intellektin tövsiyə etdiyi dərmandan istifadə edib. Nəticədə təxminən 100 min kvadratmetr ərazini əhatə edən küncüt sahəsi bir gün ərzində məhv olub.
Sfera.az xəbər verir ki, Çinin Çuçjou şəhərində yaşayan Vu adlı fermer təxminən bir il ərzində gübrələmədən əkin planlamasına qədər bir çox məsələdə süni intellekt tətbiqindən məsləhət alıb.
İlk vaxtlar ehtiyatlı davransa da aldığı nəticələrdən sonra süni itellektə olan etimadı artıb və mütəxəssislərə müraciət etməyi dayandırıb. Lakin bu güvən onun üçün böyük itki ilə nəticələnib.
Fermer küncüt sahəsindəki alaq otları və zərərvericilərlə mübarizə üçün süni intellektdən məsləhət istəyib. Çat-bot tərkibində “flufenacet” maddəsi olan dərman qarışığından istifadə etməyi tövsiyə edib.
Tövsiyəyə əsasən dərmanı sahəyə tətbiq edən Vu səhəri gün şok yaşayıb. Alaq otları ilə yanaşı, bütün küncüt şitilləri də solaraq məhv olmağa başlayıb. Nəticədə 10 hektarlıq məhsul sahəsi tamamilə yararsız vəziyyətə düşüb.
Mütəxəssislər bildiriblər ki, istifadə olunan maddə küncüt kimi həssas bitkilərin inkişafına mane olur və bu məhsul üçün uyğun deyil.
Araşdırmalar göstərir ki, süni intellekt bəzən inandırıcı səslənən, lakin tamamilə yanlış məlumatlar təqdim edə bilər.
Mütəxəssislər xüsusilə kənd təsərrüfatı və səhiyyə kimi həyati əhəmiyyət daşıyan sahələrdə süni intellektin verdiyi məlumatların ekspert rəyi olmadan tətbiq edilməsinin ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Mənsumə






