İşləməyib minimum maaş alacaqlar - Yeniliyin DETALLARI
Ötən gün Azərbaycanda hərbi qulluqçuların yeni xidmət yerinə köçməsi səbəbindən işlə təmin oluna bilməyən həyat yoldaşlarına minimum aylıq əməkhaqqı məbləğində pul müavinətinin ödənilməsi təklif olunub. Bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən qanunun mövcud redaksiyasında da oxşar fikirlər yer alıb.
Belə olan halda bu müddəanın dəyişdirilməsi ehtiyacı hardan yaranıb?
Hərbi ekspert Ədalət Verdiyev Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 21-ci maddəsində yeni xidmət yerlərinə təyin olunmuş hərbi qulluqçuların ailə üzvlərinin işlə təmin edilməsi ilə bağlı müddəa mövcud idi.

Lakin o, hazırkı müddəanın yeni dövrün tələblərinə cavab vermədiyini dedi:
“Həmin maddədə hərbi qulluqçuların işləməyən və işlə təmin olunmayan həyat yoldaşlarına respublikanın fəhlə və qulluqçuları üçün müəyyən edilmiş minimum əməkhaqqının ödənilməsi nəzərdə tutulurdu. Burada "fəhlə və qulluqçuları" anlayışı sovet dövründən qalma anlayışdır. Belə köhnəlmiş terminlər müasir əmək qanunvericiliyinə uyğunlaşdırılaraq "minimum aylıq əməkhaqqı" ifadəsi ilə əvəz olunur.
Bunan başqa mövcud qanun yalnız kişi hərbi qulluqçuların "işləməyən arvadlarını" nəzərdə tuturdu. Silahlı Qüvvələrdə qadın hərbi qulluqçuların da xidmət etməsi nəzərə alınaraq, anlayış "həyat yoldaşı" ifadəsi ilə əvəzlənir.
Hazırda Azərbaycan Respublikasında minimum aylıq əməkhaqqı 400 manat müəyyən edildiyindən hərbi qulluqçuların işlə təmin olunmayan həyat yoldaşlarına da həmin məbləğin, yəni 400 manatın ödənilməsi təklif olunur”.
Şahanə Ziyad






