Yüksək fruktozalı məhsullar uşaqlar üçün təhlükəlidir

Nişasta əsaslı şəkər dadlandırıcılarının, xüsusilə yüksək fruktozalı qarğıdalı siropunun uşaqlar tərəfindən həddindən artıq qəbul edilməsi sağlamlıq üçün risk yarada bilər.
Mütəxəssislər bildirirlər ki, uşaqlıq dövründə çoxlu şəkər qəbul edilməsi piylənmə, insulin müqaviməti, yüksək qan təzyiqi, qaraciyərin piylənməsi və diş çürüməsi kimi bir sıra problemlərə səbəb olur.
Sfera.az xəbər verir ki, Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsi professoru Elif Özmert bildirib ki, yüksək fruktozalı qarğıdalı siropundan şirniyyat, çörək məhsulları, halva, mürəbbə, marmelad, dondurma və müxtəlif içkilərin hazırlanmasında geniş istifadə olunur.
Onun sözlərinə görə, bu məhsullarda fruktozanın miqdarı 42-90 faiz arasında dəyişə bilər.
Mütəxəssis qeyd edib ki, fruktoza digər şəkər növlərindən fərqli şəkildə parçalanır və qaraciyərdə emal olunur. Həddindən artıq fruktoza qəbulu qaraciyərdə yağlanmaya səbəb ola bilər.
O deyib ki, bununla yanaşı, çox şəkərli qidaların və içkilərin müntəzəm istehlakı uşaqlarda artıq çəki və piylənmə riskini artırır:
“Türkiyədə 7-8 yaşlı uşaqlar arasında aparılan araşdırmalar şəkərli içkilərin istehlakının əhəmiyyətli dərəcədə artdığını göstərir. Doğulduqdan sonrakı ilk iki ildə uşaqlara əlavə şəkər verilməməsi, sonrakı dövrdə isə şəkər qəbulunun mümkün qədər məhdudlaşdırılması daha məqsədəuyğundur”.
Mütəxəssislər uşaqlara qazlı və şəkərli içkilər əvəzinə su və meyvə verilməsini, hazır məhsullar alınarkən isə onların tərkibindəki şəkər, duz və doymuş yağ miqdarına diqqət yetirilməsini tövsiyə edirlər.
İradə Elsevər






