Xərçəngdən sağalanlar bu vərdişdən əl çəkə bilmir – Araşdırma
Xərçəng xəstəliyini keçirmiş amerikalıların alkoqol qəbul etmə vərdişləri son səkkiz ildə demək olar ki, dəyişməyib.
Sfera.az xəbər verir ki, bu qənaətə Sent-Luisdəki Vaşinqton Universitetinin Braun Sosial İş Məktəbinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Cancer Causes & Control” elmi jurnalında dərc olunub.
Alimlər 2016-2024-cü illər ərzində ABŞ-da təxminən 4 milyon yetkin insanın məlumatlarını təhlil ediblər. Onlar xərçəng diaqnozu olan və olmayan şəxslərin alkoqol istifadəsini, o cümlədən həddindən artıq içki qəbulunu müqayisə ediblər.
Nəticələrə görə, xərçəng tarixçəsi olmayan şəxslər arasında son 30 gün ərzində alkoqol qəbul etdiyini bildirənlərin payı 2016-cı ildəki 53,9 faizdən 2024-cü ildə 51,5 faizə düşüb.
Xərçəng xəstəliyini keçirmiş şəxslər arasında isə bu göstərici dəyişməyib. Araşdırmanın həm əvvəlində, həm də sonunda onların 45,8 faizi son 30 gündə alkoqol qəbul etdiyini bildirib.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, xərçəng tarixçəsi olan insanlarda alkoqoldan sui-istifadə halları xəstəlik keçirməyənlərlə müqayisədə daha az yayılıb.
Araşdırmanın müəllifləri bildirirlər ki, bəzi xəstələr xərçəng diaqnozundan sonra, xüsusilə müalicə müddətində alkoqol qəbulunu azalda bilərlər. Lakin tədqiqat konkret şəxslərin diaqnozdan sonra vərdişlərini dəyişib-dəyişmədiyini müəyyən etməyə imkan vermir.
Tədqiqatın rəhbəri Kimberli Consonun sözlərinə görə, xərçəng tarixçəsi olan insanlar ümumilikdə daha az alkoqol qəbul etsələr də, onların əhəmiyyətli hissəsi bu vərdişi davam etdirir.
Alimlər həkimlərə xəstələrlə görüşlər zamanı alkoqol istifadəsi və onun xərçəng riski ilə əlaqəsini müzakirə etməyi tövsiyə edirlər. Onların fikrincə, xəstələrin mümkün risklər barədə məlumatlandırılması mühüm əhəmiyyət daşıyır.
Fatimə
Sfera.az






