Öskürək 3 həftədən çox davam edirsə - Bu xəstəliyin xəbərçisi ola bilər

Türkiyənin Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisi Dr. Sinem İliaz üç həftədən çox davam edən öskürəyin vərəmin əsas xəbərdarlıq əlamətlərindən biri olduğunu bildirib.
Sfera.az xəbər verir ki, İliazın sözlərinə görə, vərəm müalicə edilə bilən xəstəlik olsa da, dünyada hələ də ciddi ictimai səhiyyə problemi olaraq qalır.
ÜST-nin məlumatlarına əsasən, hər il təxminən 10 milyon insan vərəmə yoluxur, bir milyondan çox insan isə xəstəlik səbəbilə həyatını itirir.
Mütəxəssis bildirib ki, uzunmüddətli öskürəklə yanaşı bəlğəmdə qan, gecə tərləməsi, səbəbsiz arıqlama və yorğunluq da vərəmin əlamətləri ola bilər. Bu simptomların müşahidə olunduğu zaman vaxt itirmədən tibbi müayinədən keçmək tövsiyə olunur.
İliaz vərəmin hava yolu ilə yayıldığını və xüsusilə qapalı, izdihamlı məkanlarda yoluxma riskinin artdığını qeyd edib. İmmuniteti zəif olanlar, xroniki xəstəlikləri olanlar, siqaret çəkənlər və qidalanma çatışmazlığı yaşayanların risk qrupunda olduğu bildirilib.
Mütəxəssis vərəmin qarşısının alınmasında erkən diaqnozun, müalicənin tam və müntəzəm aparılmasının, yaşayış sahələrinin havalandırılmasının və körpəlikdə tətbiq olunan BCG peyvəndinin mühüm rol oynadığını vurğulayıb.
S.İliaz cəmiyyətdə vərəmlə bağlı maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq, davamlı öskürək kimi adi görünən şikayətlərin belə ciddi xəstəliyin əlaməti ola biləcəyini və bu simptomların diqqətdən kənarda saxlanılmamalı olduğunu söyləyib.
İradə Elsevər






